
İtaliyanın “İnter” klubu mart ayında Ermənistan milli komandasının sabiq kapitanı Henrik Mxitaryanın agenti Rafaela Pimenta ilə görüşüb yeni müqavilə imzalamaq məsələsini müzakirə etməyi planlaşdırır.
FcInterNews.it-in məlumatına görə, Milan klubu 37 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan cari müqaviləni bir il uzatmaq niyyətindədir.
Yeni təklif maaşda təxminən 20 faiz azalma və komandada rol dəyişikliyi nəzərdə tutur. Mxitaryan “İnter”də qalarsa, növbəti mövsüm rotasiya oyunçusu ola bilər.
Ermənistan yığmasının tarixində ən yaxşı bombardir olan Mxitaryan 2022-ci ildən “İnter”də çıxış edir. Onun tərkibində İtaliya çempionu, ölkə kuboku və superkubokunun qalibi olub, iki dəfə Çempionlar Liqasının finalında oynayıb.
Cari mövsümdə yarımmüdafiəçi 24 oyunda iştirak edib, 2 qol vurub və 2 qol ötürməsi verib.
Karyerası ərzində Henrik Mxitaryan həmçinin Yerevanın “Pyunik” (2006-2009), Donetskin “Metallurq” (2009-2010) və “Şaxtyor” (2010-2013), Dortmund “Borussiya” (2013-2016), İngiltərənin “Mançester Yunayted” (2016-2018) və “Arsenal” (2018-2019), İtaliyanın “Roma” (2019-2022) klublarında çıxış edib.







