
“Ölkələrimiz arasındakı münasibətlərdə yeni uğurların qeydə alınması üçün bütün səylərimizi göstərməyə hazırıq”.
Bu barədə fevralın 24-də erməni İranşünas Vardan Voskanyana İranın Fars Dili və Ədəbiyyatı Akademiyasının fəxri üzvü adının verilməsi mərasimində Ermənistanda İranın fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami bəyan edib.
Onun sözlərinə görə, İrana, İranşünaslığa və İranla Ermənistan arasında minillik əlaqələrə aid olan istənilən mövzu İslam Respublikasının diqqət mərkəzindədir.
O, professor Vardan Voskanyanı müasir dövrün görkəmli İranşünaslarından biri adlandırıb, onun bütün həyatını İranşünaslığın tədrisinə, tələbə hazırlığına həsr etdiyini, həmçinin əhəmiyyətli əsərlər nəşr etdirdiyini vurğulayıb.
“O, ictimai sahədə öz biliklərini Ermənistan-İran münasibətləri, Cənubi Qafqazın geosiyasi vəziyyəti və regional qüvvələr balansı kimi mövzuları təhlil edərək tətbiq edir.
Onun təhlilləri həmişə İranın tarixi və mədəniyyəti haqqında dərin biliklərə əsaslanır” — deyə səfir qeyd edib.
Onun qiymətləndirməsinə görə, Yerevan Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin İranşünaslıq kafedrası dünya elmi arenasında parlayır.
Diplomat əlavə edib ki, əhəmiyyətli elmi irsin formalaşdığı bu mühüm mərkəz ciddi uğurlar əldə edib.







