
Hazırda İran müharibə vəziyyətindədir və belə şəraitdə ölkənin ali dini rəhbərinin seçilməsi çox vacibdir, çünki siyasi və hərbi dairələr məhz bu institut ətrafında birləşirlər.
Bu barədə jurnalistə müsahibəsində iranlı analitik Puya Hüseyni danışıb. O, öldürülmüş Əli Xameneinin oğlu Müctəba Xameneinin İranın ali dini rəhbəri seçilməsinə münasibət bildirib.
“Bu, İran İslam Respublikasının ən vacib sütunlarından biridir və indiki şəraitdə birlik və mərkəzləşmiş gücü qorumaq üçün əvvəlki ali rəhbərin oğlu seçildi.
O, uzun illərdir təhlükəsizlik və güc strukturları ilə sıx bağlı olub. Əgər indi başqa biri rəhbər təyin olunsaydı, müharibə dövründə lazımi birlik təmin olunmaya və güc strukturları arasında parçalanma yarana bilərdi.
Əlbəttə, ABŞ Venesuela ssenarisi kimi burada da özünə tabe olan rəhbər təyin etmək istəyir ki, İranın taleyini idarə edə bilsin.
Lakin İran bunu rədd edir və gücü çatdığı müddətcə mövcud sistemi qoruyacaq.
Hazırda bu dəyişiklikləri hərbi yolla etməyə çalışırlar. Müharibənin artıq 9-cu günüdür və İran sistemində heç bir dağılma yoxdur, döyüşlər eyni intensivliklə davam edir. İran öz ərazisində müdafiə olunur və bu baxımdan onun üçün daha asandır. Müharibədən əvvəl İran uzunmüddətli müharibə ssenarisinə hazırlaşmışdı.
İran həmçinin Hörmüz boğazını bağlayıb və bununla dünya iqtisadiyyatına təzyiq göstərir. Görürük ki, neftin qiyməti 110 dollardan yuxarı qalxıb.
Bu, dünyada ciddi iqtisadi təzyiq yaradacaq. İran həmin bölgədə enerji tranzitini dayandırmaqla hədələyir və müharibə nə qədər uzansa, İran bir o qədər əlverişli mövqedə olacaq”, – deyə o bildirib.
Ekspert qeyd edib ki, İran 30-40 ildir iqtisadi müharibə şəraitindədir və ona qarşı ağır sanksiyalar tətbiq olunur. İranın cavab vermək üçün alətləri yox idi, lakin indi belə imkan yaranıb.
Hazırda bütün neft və tranzit yollarını bağlayıb və Hörmüz boğazından bir litr belə neftin keçməsinə icazə vermir. Bununla İran oyunun qaydalarını dəyişə bilər.
Əlbəttə, İran hərbi baxımdan ABŞ və İsraildən zəifdir, hər iki ölkə nüvə dövlətidir. Lakin İranın balansı qorumağa imkan verən müəyyən kozırları var.
Müharibə uzansa, iqtisadi zərər görən ölkələr ABŞ-a təzyiq etməyə başlayacaq. Bu baxımdan müharibənin uzun sürməsi İran üçün daha sərfəli ola bilər.
“Biz böyük itkilər veririk – həm maliyyə, həm də insan itkisi baxımından. İran ağır zərbə altındadır, lakin bu müharibə yaxın 20-30 il üçün dünyanın qüvvələr nisbətini müəyyən edəcək.
Bu, həm də Çinə qarşıdır, çünki Venesueladan sonra İranın neft ehtiyatlarını nəzarətə götürmək istəyirlər və bununla Çini zəiflətmək, ona qarşı üstün mövqe qazanmaq niyyətindədirlər” – deyə Hüseyni vurğulayıb.







