
Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan əmin edir ki, TRİPP layihəsi ətrafında Ermənistan və ABŞ arasında danışıqlar ABŞ-ın İranda davam edən hərbi əməliyyatlarına və Yaxın Şərqdə mövcud gərgin vəziyyətə baxmayaraq, ləngiməyib.
Alınan məlumata görə, Ararat Mirzoyan bu haqda parlamentdə jurnalistlərlə brifinqdə deyib, TRİPP ətrafında ABŞ ilə danışıqların dayanıb-dayanmadığı və Ermənistan rəhbərliyinin Yaxın Şərqdə gərginliyin davam etdiyi təqdirdə proqramın heç vaxt həyata keçirilməyə biləcəyindən narahat olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib.
“Mən sizi əmin edirəm ki, TRİPP ətrafında Ermənistan-ABŞ danışıqları ləngiməyib və normal prosesdədir.
İlk addım avqustun 8-də elan edildi, ikinci addımla danışıqlar apardıq və yanvarın 14-də həyata keçirilmə çərçivəsinə dair geniş sənədi razılaşdırıb dərc etdik.
Növbəti addım hökumətlərarası sazişin imzalanması olmalıdır, orada daha çox hüquqi mexanizmlər nəzərdə tutulacaq.
TRİPP ətrafında işlər hazırda sənəd üzərində işlərdir, bunlar davam edir. Mümkün olan zaman yerində həyata keçirilən işlərə də nail olacağıq” – deyə Mirzoyan bildirib.
İran ətrafında və Yaxın Şərqdə gərginlik fonunda TRİPP-in digər məqsədlər üçün, xüsusən də hərbi məqsədlər üçün istifadə edilə biləcəyi təhlükələri gördüyünə dair suala cavab olaraq Mirzoyan deyib:
“Biz sırf nəqliyyat və sırf əlaqələndirmə layihəsindən danışırıq ki, bu da Ermənistan, Azərbaycan, bütün qonşular, o cümlədən İran üçün iqtisadi imkanlar yaradacaq.
İran rəsmiləri görüşlərimiz zamanı, səhv etmirəmsə, həmçinin ictimai şəkildə bir neçə dəfə bildirmək imkanı olub ki, Ermənistan rəsmiləri onlara məlumat təqdim ediblər, onların narahatlıqları yoxdur və daha da əhəmiyyətlisi, onlar üçün də imkanlar yaradılır”.
Jurnalistlərdən birinin ABŞ-ın nə vaxtsa TRİPP-də öz payını üçüncü ölkəyə, məsələn, Türkiyəyə sata biləcəyinə dair narahatlıqların olduğu barədə iddiasına Mirzoyan belə cavab verib:
“Sənədi oxumaq lazımdır. Bu məsələ TRİPP-in həyata keçirilmə çərçivəsinə dair sənəddə ünvanlanıb, orada nəzərdə tutulmuş mexanizmlər var ki, Ermənistanın razılığı olmadan payın heç bir şəkildə təqdim edilməsi – satış, təqdim edilməsi ola bilməz”.







