
Azərbaycan hakimiyyəti bütün növ müxalif fikirləri amansızlıqla yatırır, yüzlərlə insan əsassız və siyasi motivlərlə həbs edilib. Bu barədə “Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatının aprelin 21-də dərc olunmuş illik hesabatında qeyd olunur.
Hesabatda vurğulanır ki, müstəqil QHT-lər və ictimai qruplar ciddi məhdudiyyətlərlə üzləşir, dinc etiraz aksiyaları dağıdılır. İşgəncələr, pis rəftar və günahkarların cəzasızlığı geniş yayılmış hal olaraq qalır.
Qadınlar və LGBT fərdləri diskriminasiya, cinsi zorakılıq və təzyiqlərlə üzləşməyə davam edir.
Sənəddə xatırladılır ki, Azərbaycan insan haqlarının pisləşən vəziyyətinə baxmayaraq, ABŞ və AB ilə münasibətlərini dərinləşdirməyə davam edib.
Təşkilat qeyd edir ki, 2022-ci ildə “Media haqqında” qanuna edilən dəyişikliklər hakimiyyətə müstəqil saytları bloklamaq və xarici media ofislərini qanunsuz elan etmək səlahiyyəti verib. Hesabatda həmçinin “BBC”nin Azərbaycan xidmətinin və “Turan” agentliyinin fəaliyyətinin dayandırılması vurğulanır.
Məlumata görə, hazırda 30-a yaxın media əməkdaşı həbsdədir, onlarla jurnalist və fəalın ölkədən çıxışına qabaqcadan xəbərdarlıq edilmədən qanunsuz qadağa qoyulub.
Sənəddə Azərbaycan həbsxanalarındakı saxlama şəraiti pislənilir. Bildirilir ki, məhbuslar uzun müddət təkadamlıq kameralarda saxlanılır, cinsi zorakılıqla hədələnir və sistematik şəkildə tibbi yardımdan məhrum edilirlər.
Hesabatda həmçinin Bakı tərəfindən beynəlxalq humanitar hüququn pozulması halları təqdim olunur. Qeyd edilir ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş insanların müdafiəsini və məsuliyyət tədbirlərini təmin edə bilməyib.
Ötən ilin oktyabrında Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanı 23 erməni məhbusun (onlardan 8-i Dağlıq Qarabağın keçmiş rəsmiləridir) həbs şəraiti və sağlamlıq vəziyyəti barədə məlumat verməyə borclu edib.







