
Avropa İttifaqı Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistan və Türkiyə arasında birbaşa ticarətin başlanmasına dair bəyanatı alqışlayıb.
“Armenpress”-in məlumatına görə, Avropa İttifaqının diplomatik xidmətinin sözçüsü Anita Hipper bu barədə açıqlama verib.
“Avropa İttifaqı Türkiyənin Ermənistanla ikitərəfli ticarətin başlanmasını alqışlayır. Bu, onlar arasında münasibətlərin normallaşdırılması prosesində mühüm bir mərhələdir və bunu 28 aprel 2026-cı ildə iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpası məsələsi üzrə ikitərəfli işçi qrupunun iclası da sübut edir və biz bunu alqışladıq.
Bu vacib addım iki ölkə arasında ticarət və iqtisadi imkanların genişləndirilməsinə töhfə verə bilər və bütün Cənubi Qafqaza, eləcə də Avropa İttifaqına müsbət təsir göstərə bilər.
Biz iki ölkəni sərhədlərin açılması da daxil olmaqla, birgə işləməyə davam etməyə təşviq edirik”, – deyə bəyanatda bildirilir.







