BaşlıcaSiyasət

Paşinyanın Aİİ-nın 4 ölkə Prezidentinin bəyanatına reaksiyası“

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, hazırkı mərhələdə Avropa Birliyi və Avrasiya İqtisadi İttifaqı arasında seçim edilməsi məsələsi ilə Ermənistanda referendum keçirilməsi üçün heç bir əsas yoxdur.

Alınan məlumata görə, Nikol Paşinyan bu barədə “Facebook” səhifəsində yayımladığı videoda bəyan edib.

Xatırladaq ki, mayın 29-da Astanada keçirilmiş Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclası çərçivəsində İttifaqa üzv 4 ölkənin – Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan prezidentləri Avrasiya İqtisadi İttifaqında Ermənistan ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat qəbul ediblər.

Onlar Ermənistan hakimiyyətini mümkün qədər qısa müddətdə Avrasiya İqtisadi İttifaqı ilə Avropa Birliyi arasında seçim edilməsi məsələsi ilə referendum keçirməyə çağırıblar.

Paşinyan bu bəyanata cavab olaraq qeyd edib ki, Ermənistan Avropa Birliyi ilə Aİİ arasında seçimin qaçılmaz olduğu ana qədər Avrasiya İqtisadi İttifaqı çərçivəsində işini davam etdirəcək.

“Avrasiya İqtisadi İttifaqında biz işləyirik və Avropa Birliyi ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim artıq qaçılmaz olana qədər işləməyə davam edəcəyik, qərarı isə təbii ki, Ermənistan Respublikasının xalqı referendumla qəbul etməlidir” – deyə o bildirib.

Baş nazir qeyd edib ki, hazırda belə referendumun keçirilməsi üçün heç bir əsas yoxdur, çünki Ermənistanın Avropa inteqrasiyası prosesi hələ o mərhələdə deyil ki, vətəndaşlara dəqiq bir seçim təqdim edilə bilsin.

“Ermənistan rəsmi şəkildə Avropa Birliyinə üzvlük üçün müraciət etməyənə və ya Avropa Birliyinə üzvlüyə namizəd statusuna çox yaxın olmayana qədər hər hansı referendum keçirmək məntiqsizdir” – deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, bu gün belə seçim hələlik nəzəri xarakter daşıyır.

“Bu gün bu seçim nəzəridir və nəzəri seçimi referenduma çıxarmaq, əlbəttə ki, o qədər də ağıllı və düzgün deyil, əsaslandırılmış deyil” – deyə Baş nazir bildirib.

Paşinyan həmçinin vurğulayıb ki, Ermənistan Aİİ çərçivəsində sakit və tərəfdaşlıq əsasında işini davam etdirəcək.

“Beləliklə, biz Avrasiya İqtisadi İttifaqında sakit, səssiz, əsəbsiz, mübahisəsiz işləməyə davam edəcəyik və mən əminəm ki, bu istiqamətdə hələ də potensialımız var ki, ondan yaxın gələcəkdə istifadə edəcəyik” – deyə o, bəyan edib.

Daha çox göstər
Back to top button