
Çikaqoda fəaliyyət göstərən özəl kapital investoru Konstantin Sokolov ABŞ Dövlət Departamentinin yeni sahibkarlıq Fondu olan “Tripp+”-ın prezidenti vəzifəsində çalışacaq.
Fond Mərkəzi Asiya Ticarət Dəhlizi üçün nəzərdə tutulmuş 200 milyon dollardan çox vəsaitə nəzarət etməlidir. Bu vəsait nəqliyyat, enerji infrastrukturu və mühüm əhəmiyyətli faydalı qazıntılar sahələrinə investisiyaları əhatə edir.
Verulən məlumata görə, bu barədə “The Guardian” qəzeti xəbər verərək, Dövlət Departamentinin Rusiyada doğulmuş Sokolovun təyinatını təsdiqlədiyini qeyd edib.
Təsisçisi və prezidenti Sokolov olan “Tripp+” sahibkarlıq fondu öz adını “Trump’s Pathway for International Peace and Prosperity” (TRIPP) layihəsindən almışdır.
“The Guardian”ın məlumatına görə, Dövlət Departamentinin nümayəndələrindən biri qeyd edib ki, 201 milyon dollarlıq “Fond səhmdar investisiyaları etmək, kreditlər və qrantlar vermək səlahiyyətinə malikdir.
Bu, Cənubi Qafqazda və Mərkəzi Asiyada, o cümlədən Ermənistanda, Azərbaycanda, Gürcüstanda, Qazaxıstanda, Qırğızıstanda, Tacikistanda, Türkmənistanda və Özbəkistanda özəl sektorun strateji inkişafını təşviq edəcək.
Dövlət Departamentinin nümayəndəsi fondun mövcud qanunvericilik tələblərinə əməl edəcəyini, o cümlədən illik hesabat təqdim edəcəyini və şəffaflıq və hesabatlılığı təmin etmək üçün müstəqil auditlər keçirəcəyini, həmçinin müvafiq qrant müddəalarına, o cümlədən maraqların toqquşması tələblərinə əməl edəcəyini bildirib.
“The Guardian” xatırladır ki, ABŞ vitse-prezidenti Cey Di Vens fevral ayında İrəvana səfəri zamanı “Tripp+” Fondunu “tarixi transformasiyanın” bir hissəsi kimi xarakterizə edib və bu fondun “ticarət, tranzit və enerji axınlarının tamamilə yeni dünyasını açacağını” qeyd edib.
Sokolov Ermənistanın ən böyük telekommunikasiya şirkəti olan “Viva Armenia”-nın əsas səhmdarlarından biridir və “Northern Pillar Energy Consortium”-da (Avropa və Afrikanı birləşdirən təmiz enerji və fiber-optik sualtı kabel təşəbbüsü) vəzifələr tutur, həmçinin “Pelagos Data Centres”-in prezidentidir.
O, həm də Çikaqoda fəaliyyət göstərən, “gələcəyə hazır” enerji və telekommunikasiya sahəsində ixtisaslaşmış özəl investisiya şirkəti olan “IJS Investments”-in təsisçisidir.
O, həmçinin Sürixdə fəaliyyət göstərən, maliyyə xidmətləri, enerji və qlobal daşınmaz əmlaka diqqət yetirən özəl investisiya şirkəti “Gotthard Investment AG”-ni təsis edib.
“The Guardian” vurğulayır ki, 2025-ci ilin avqustunda Ağ Evin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh sazişinin ilkin imzalanmasından sonra Tramp administrasiyası Ermənistanla əlaqələrini dərinləşdirmək üçün görünməmiş addımlar atıb.
Bu çərçivədə ölkənin nüvə enerjisi sahəsinin təşviqinə 9 milyard dollar ayrılıb və Ermənistan hökumətinə 11 milyon dəyərində ABŞ istehsalı olan kəşfiyyat pilotsuz uçuş aparatları satılıb.
Bu, ABŞ-ın Ermənistana hərbi texnologiya satışını rəsmiləşdirən ilk hadisə olub.







