
Mövcud təhlükələri nəzərə alsaq, Almaniyanın müdafiə büdcəsi qarşıdakı illərdə ardıcıl olaraq artmalıdır. Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində Bundesverin baş müfəttişi Karsten Breuerv belə bir fikir söyləyib.
Deutsche Welle-nin məlumatına görə, Bundesverin silah, sursat və texnikaya artan tələbatını əsas gətirən general, “Bizim artan büdcəyə ehtiyacımız var” –deyə qeyd edib.
General hazırda aktiv şəkildə silahlanan Rusiyadan potensial təhlükəyə diqqət çəkib.
Onun hesablamalarına görə, Moskva hərbi personalının sayını 1,5 milyona çatdırmağı planlaşdırır ki, bu da Avropa Birliyinin bütün ölkələrinin ümumi sayından çoxdur.
“Bundan başqa, Rusiya tankların istehsalını artırır və artıq köhnə tankları məhv etmir, onları bərpa etməyə və istifadəyə yararlı hala gətirməyə çalışır” – deyə o, əlavə edib.
Alman general Rusiyanın yaxın 5-8 il ərzində NATO-ya hücum edəcəyini istisna etməyib.







