
Ermənistan Respublikasının Silahlı qüvvələrində çavuş sisteminin yaradılması, xüsusi mühəndis texnikasından istifadə edən heyətin, tədris bölmələrində birbaşa tədris prosesində iştirak edən və ya təlimçi ixtisası olan kadrların, qadınlardan ibarət bölmələrdə komplektləşdirmə səviyyəsinin və keyfiyyətinin artırılması, xarici ölkələrdə təhsil alan kursantlarla bağlı yaranmış problemin həll olunması zərurəti ilə əlaqədar olaraq, hökumət tərəfindən yeni qərar qəbul edilib.
Əsaslandırmaya görə, hazırda Ermənistan Silahlı qüvvələrində peşəkar çavuşlar və təlimçilərdən ibarət yeni bir sistemin tətbiqi istiqamətində genişmiqyaslı işlər aparılır. Bu məqsədlə çavuş və təlimçi kursları təşkil edilir və müvafiq vəzifələr üçün kadrların hazırlanması həyata keçirilir.
Eyni zamanda, qadınların və mühəndis texnikasından istifadə edən bölmələrin komplektləşdirilməsi aşağı səviyyədədir ki, bu da onların normal fəaliyyətinə mənfi təsir göstərir.
Qəbul edilmiş qərarla xüsusi mühəndis texnikasından istifadə edən heyətin artırılma miqdarı müəyyənləşdirilir, həmçinin tədris bölmələrində tədris prosesində birbaşa iştirak edən heyətə, qadınlardan ibarət bölmələrdə xidmət edən qadın hərbi qulluqçulara, çavuş və ya təlimçi kurslarını bitirmiş və müvafiq ixtisasa malik olanlara, xarici ölkələrin (Rusiya istisna olmaqla) hərbi təhsil müəssisələrində təqaüdsüz təhsil alan məcburi hərbi xidmət keçənlərə əlavələr nəzərdə tutulur.







