
Hökumətin 30 aprel iclasında Ermənistan Respublikası ilə Asiya İnkişaf Bankı arasında imzalanmış saziş təsdiqləndi.
Bu saziş Şimal-Cənub yol dəhlizinin Sisian-Qacaran yolunun Şimal alt-hissəsinin yenidən qurulmasına aiddir.
Alınan məlumata görə, layihəni Ərazi İdarəetmə və İnfrastruktur naziri Davit Xudatyan təqdim edib. Nazirin sözlərinə görə, sazişə əsasən, Asiya İnkişaf Bankı layihəni 236 milyon avro məbləğində birgə maliyyələşdirəcək.
Sisian-Qacaran yol hissəsi üç alt-hissəyə bölünüb:
Şimal, Barquşat tuneli və Cənub hissələri. “Kredit sazişi məhz Şimal alt-hissəsinə aiddir, onun ümumi dəyəri 335 milyon avrodur.
27,1 km uzunluğunda müasir avtomobil yolu tikilməsi planlaşdırılır, buraya bir neçə tunel və körpü daxildir. Yolun eni 11 metr olacaq və üç hərəkət zolağından ibarət olacaq” – deyə o, bildirib.
Davit Xudatyanın sözlərinə görə, yolun tikintisi başa çatdıqdan sonra həmin hissədə hərəkət sürəti hazırkı 50 km/saatdan 100 km/saatadək artacaq, bu da yolun keçid vaxtını təxminən 1-1,5 saat azaldacaq.
Layihənin tam olaraq 2033-cü ilin noyabrında başa çatdırılması planlaşdırılır.







