
Factor. am yazır ki, Bakı və Moskva arasındakı gərginlik fonunda Rusiyada azərbaycanlıların yeni həbsləri barədə xəbərlər yayılıb. Rusiyanın Teleqram kanallarının məlumatına görə, Tverdə saxta siqaret və spirtli içkilərin ticarəti ilə məşğul olan azərbaycanlı mütəşəkkil cinayətkar qrup aşkarlanıb. Qeyd olunur ki, cinayətkar qruplaşma üzvləri içkiləri özləri hazırlayıb, şüşələrə doldurub, məşhur brendlərin adları olan etiketlər yapışdıraraq yüksək keyfiyyətli, orijinal məhsul kimi satışa çıxarıblar.
Dünən Tver vilayəti prokurorluğu da elan edib ki, istintaq orqanı cinayətkar qrupun təşkilatçısı və onun 8 üzvünə qarşı cinayət işi açıb. Məlum olub ki, şübhəlilər 2022-ci ilin yanvar ayından 2025-ci ilin iyul ayına kimi saxta tütün məmulatlarının və spirt əvəzedicilərinin qanunsuz dövriyyəsi ilə məşğul olublar. Qrup üzvləri həbs edilib.
Daha əvvəl Rusiyada iki nüfuzlu azərbaycanlı kriminal avtoritet həbs edilib.
Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda 50-dən çox azərbaycanlı əsilli şəxsin həbsindən sonra son günlər Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşib. Həbs zamanı azı iki nəfər ölüb, daha 3 nəfər reanimasiyaya yerləşdirilib.
Bakı təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb edir və Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya səfirinə “sərt etiraz” edib.
Bundan bir gün əvvəl, srağagün Rusiya təhlükəsizlik qüvvələrinə yaxın olan “ВЧК-ОГПУ” telegram kanalı Rusiya prezidenti Vladimir Putinin Azərbaycanla münasibətlərdə mövcud problemləri həll etmək istədiyi barədə məlumat yayıb.
“Hazırda Moskvada iki ölkə arasında münaqişənin həllinə çalışmaq üçün gələn həftə qeyri-rəsmi səfərlə Bakıya yola düşəcək nümayəndə heyəti formalaşır. Putindən mesaj şəxsən çatdırılacaq və məhbusların mübadiləsi təklifi verilə bilər”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, qeyri-rəsmi nümayəndə heyətinə Putinin keçmiş köməkçisi, Azərbaycan hökumətinin üzvləri ilə şəxsi münasibətləri yaxşı olan Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov başçılıq edə bilər. Mənbənin sözlərinə görə, “Azərbaycanla münasibətlərdə gərginlik hazırda Kremlin planlarında deyil, bu, Moskvanın maraqlarına uyğun deyil”.







