
Ermənistan Respublikası akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərin, o cümlədən dost İran İslam Respublikasının səfirliyinin təhlükəsizliyini təmin edir və onların normal fəaliyyəti üçün zəruri şəraiti zəmanət altına alır.
Armenpress agentliyinin məlumatına görə, bu barədə Ermənistan Daxili İşlər nazirliyi ölkədə İranın Fövqəladə və səlahiyyətli səfiri Xalil Şirğolaminin bəyanatına cavab olaraq açıqlama yayıb։
Açıqlamada deyilir:
“Ermənistan Respublikasında İran İslam Respublikası səfirliyinin qarşısında keçirilən etiraz aksiyaları ilə bağlı səsləndirilən bəyanata münasibət bildirərək qeyd edirik ki, Ermənistan Respublikası “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası’nın müddəalarına, eləcə də beynəlxalq və ikitərəfli digər öhdəliklər çərçivəsində ölkədə akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərin, o cümlədən dost İran İslam Respublikası səfirliyinin təhlükəsizliyini təmin edir və onların normal fəaliyyəti üçün zəruri şəraiti zəmanət altına alır”.
Daxili İşlər Nazirliyi bildirir ki, sözügedən məsələ ilə bağlı İran İslam Respublikasının Ermənistandakı səfirliyi ilə daimi işgüzar əlaqə mövcuddur.
“Qeyd etmək lazımdır ki, Daxili İşlər nazirliyi tərəfindən bütün qeyd olunan toplantılar qanunvericiliklə müəyyən olunmuş qaydada müşayiət edilib, həm toplantı iştirakçılarının, həm də səfirlik binasının təhlükəsizliyi təmin olunub.
Həmçinin bildiririk ki, aksiyalardan biri zamanı iştirakçılardan biri Ermənistan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi (polis əməkdaşının qanuni tələbinə tabe olmamaq) ilə nəzərdə tutulmuş əməli törətdiyinə görə inzibati qaydada saxlanılıb.
Daxili İşlər nazirliyi dinc toplantıların qanunla müəyyən edilmiş qaydada müşayiətini davam etdirəcək” – deyə nazirlikdən bildirilib.
Nazirlik eyni zamanda qeyd edir ki, Ermənistan Respublikası demokratik dövlət olaraq Konstitusiya, “Toplaşmaq azadlığı haqqında” qanun və beynəlxalq öhdəliklər çərçivəsində vətəndaşların sərbəst hərəkət və dinc toplaşmaq hüquqlarının həyata keçirilməsinə mane olmamaq öhdəliyini daşıyır.







