
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 1-də baş tutan görüşü zamanı aparılan söhbət faydalı, səmimi və zəruri olub. Tərəflər, o cümlədən Ermənistanda keçiriləcək seçkilər kontekstində öz mövqelərini mübadilə ediblər.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti”yə verdiyi açıqlamada bildirib.
“Görüş zamanı söhbət səmimi, faydalı və zəruri idi. Tərəflər, xüsusilə Ermənistanda keçiriləcək seçkilər və gündəmdə olan ticarət-iqtisadi əməkdaşlığın əsas məsələləri kontekstində mövqelərini bölüşdülər” — deyə Peskov qeyd edib.
Peskov bildirib ki, Ermənistanla Rusiya arasında münasibətlər dərin tarixi köklərə malikdir, Rusiya və Ermənistan dost ölkələrdir. Bu səbəbdən Yerevanın siyasi istiqamətləri Moskva üçün maraq kəsb edir.
“Rusiyada yaşayan böyük erməni diasporu 2 milyondan çoxdur. Buna görə də Ermənistan rəhbərliyinin seçdiyi istiqamətlər bizim üçün böyük maraq doğurur” — deyə Rusiya Prezidentinin sözçüsü əlavə edib.







