Ekonomika

N․ Əliyev: ‘Bahalıq əməkhaqqı artımını heçə endirir’

«Azərbaycana idxal edilən malların həcmi narahatedici dərəcədə artıb. Narahatlıq həm qiymət bahalığı, həm də ölkənin daxili əmtəə bazarı ilə bağlıdır».

Bunu AzadlıqRadiosuna iqtisadçı Nemət Əliyev deyib.

N.Əliyev hesab edir ki, bu proses davam edəcək. Onun fikrincə, bu hal Azərbaycanın daxili bazarında 15 faizdən çox bahalaşma yaradıb: «Orta əməkhqqında 7-8 faizlik artım var. Sentyabr-oktyabr aylarında minimum əməkhaqqının, pensiyaların minimum həddinin artması gözlənilir. Amma bəri başdan idxalın yaratdığı 15 faizlik bahalıq həmin artımın nəticəsini heçə endirir. Əgər gəlirlər bahalıq tempini üstələyə bilmirsə, deməli, əhalinin sosial vəziyyətinin yaxşılaşması haqqında danışmaq yersiz və absurddur».

N.Əliyev deyib ki, hələ bu 15 faizlik rəqəmə xidmət xərcləri daxil deyil. Onun fikrincə, keçən ildən bu yana xidmət sahəsində təqribən 18 faizlik bahalaşma baş verib

İqtisadçı vurğulayıb ki, keçən il ilə müqayisədə bu il xüsusilə kartofun, soğanın, pomidorun və başqa gündəlik tələbat mallarının qiymətlində artım var. Onun hesablamalarına görə, buğda və arpanın qiymətlərində də artım müşahidə edilir.

N.Əliyevin deməsinə görə, hökumət belə halları görməzdən gəlir və bahalığın baş verməsi səbəbləri üzərində işləmir.

Ölkədə bahalaşmanın səbəblərinə gəlincə, N.Əliyev deyib ki, burada müxtəlif amillərin rolu ola bilər, amma heç bir halda inhisar gözdən qaçmamalıdır: «Məhz inhisar gündəlik tələbat mallarının qiymətlərinin ucuzlaşmasına imkan vermir».

Daha çox göstər
Back to top button