İctimaiyyət

Fuad Qəhrəmanlıya qarşı cinayət işi açılıb

AXCP sədrinin keçmiş müavininin ailəsində baş verənlərin araşdırılması üçün cinayət işi qaldırılıb

Fuad Qəhrəmanlının ailəsində baş verənlərin hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurluğa istinadən Report agentliyi məlumat yayıb.

Bu ilin sentyabrında Fuad Qəhrəmanlının qızı atasının anasını və qızlarını fiziki təzyiqlərə məruz qoyması ilə bağlı bəyanatla çıxış edib. Onun bəyanatından belə aydın olur ki, hadisə bir neçə il əvvələ təsadüf edir. Qızının bəyanatından sonra Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib.

Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, bu ilin sentyabrında Fuad Qəhrəmanlının (AXCP sədrinin keçmiş müavini-red) yetkinlik yaşına çatmayan qızları Sənay və Selcan Qəhramanlıya, eləcə də arvadı Zümrüd Qəhrəmanlıya qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə Selcan Qəhrəmanlının sosial şəbəkə hesabında və kütləvi informasiya vasitələrində yayılan məlumatlar geniş ictimai rezonansa səbəb olub.

“Məlumatda Fuad Qəhramanlının təxminən 40 dəfə öz ailəsinə qarşı zorakı hərəkətlər etməsi qeyd edilib,” mətbuat xidmətinin məlumatında deyilir.

Prokurorluq qeyd edir ki, Zümrüd Qəhrəmanlı “YouTube”da yerləşdirilən müsahibəsində əri Fuad Qəhrəmanlının 2010-cu ildə ağır şüşə stəkanla azyaşlı qızı Sənayın dizini sındırdığını, 2013-cü ilin yayında onun barmağını sındırdığını, 2015-ci ilin noyabrında isə ona digər xəsarətlər yetirdiyini, azadlıqda, hətta həbsdə olarkən belə onlara qarşı psixi iztirablar verdiyini bildirib.

“Zümrüd Qəhrəmanlı qızı Sənayın xəsarətlərini təsdiq edən sənədlərin və fotoşəkillərin olduğunu qeyd edib, həmin hadisələrdən Fuad Qəhrəmanlının təmsil olunduğu partiyanın sədri Əli Kərimli və rəhbərliyində təmsil olunan digərlərinin məlumatlı olmasına baxmayaraq onlar tərəfindən bu şiddətin qarşısının alınması üçün heç bir tədbir görülməməsi, yol verilmiş məişət zorakılığının üstünün ört-basdır edilməsinə cəhd göstərilməsi barədə məlumat verib.”

Prokurorluq baş verənlərlə araşdrıma apardıqdan sonra cinayət işi qaldırıldığını bildirir.

Bununla yanaşı, Baş Prokuroluq rəsmi saytında Fuad Qəhrəmanlıya qarşı cinayət işi qaldırılması ilə bağlı hələ məlumat yaymayıb.

Fuad Qəhrəmanlı Amerikanın Səsinə müsahibəsində bildirib ki, cinayət işinin qaldırılması ilə bağlı ona hələ rəsmi məlumat verilməyib.

“Mən bu barədə mediadan xəbər tutmuşam. Tamamilə uydurma əsaslarla açılan bir cinayət işidir. Bu təsdiq etdi ki, bu günədək mənə qarşı aparılan kampaniyanın arxasında hansı maraqlar dayanır. Buna görə sadəcə olaraq dərin təəssüf hissi keçirirəm. Görünür qismətimizdə bunu da yaşamaq varmış,” o qeyd edib.

Qəhrəmanlı rəsmi məlumat verildikdən sonra hüquqi qaydada müvafiq addımlar atacağını bildirib.

Daha çox göstər
Back to top button