
Ermənistanın Azərbaycanla danışıqlar apardığı bütün istiqamətlərdə Azərbaycanın maksimalist mövqeyinə rast gəlir.
Alınan məlumata görə, bu haqda Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan parlamentin daimi komissiyalarının birgə iclasında 2023-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
“Mən iki hesabat verə bilərəm: biri yaxşıdır, digəri pis. Pis odur ki, biz Azərbaycanla bütün istiqamətlərdə danışıqlar aparırıq, Azərbaycanın maksimalist, üstünlükpərəst mövqeləri ilə qarşılaşırıq.
Mənim təəssüratım odur ki, Azərbaycan, nəzərə alsaq ki, hərbi uğurları olubsa, indi o Ermənistana bəzi şərtlər diktə edə bilər.
Təbii ki, bu, doğru ola bilməz. Və bu yolla uzunmüddətli, hərtərəfli və sabit sülh əldə oluna bilməz” – deyə Mirzoyan bildirib.
O, Azərbaycanın bunu zamanla daha aydın başa düşəcəyinə ümid etdiyini bildirib.
“Əgər Azərbaycan Cənubi Qafqazda sabit sülhün olmasını istəyirsə və maraqlıdırsa, o zaman bəzi məsələlərdə də qeyd etməlidir ki, birtərəfli faydalı həll yolları ola bilməz”- deyə XİN rəhbəri bildirib.
Mirzoyanın fikrincə, bu, işləməyəcək, uzunmüddətli olmayacaq.
Yaxşı nəticəyə toxunan XİN rəhbəri qeyd edib ki, beynəlxalq ictimaiyyətin münasibətlərdə mövcud problemlərə aydın diqqəti var.
“Biz də müvəqqəti təhlil aparanda görürük ki, bu diqqət indiki vaxtda getdikcə daha da artır. Xüsusilə sentyabrın -14-də Azərbaycan təcavüzündən sonra beynəlxalq ictimaiyyət Azərbaycana çox aydın mesaj verdi ki, güc, güc tətbiqi hədəsi məsələlərin həlli yolu ola bilməz” – deyərək nazir bildirib.
Mirzoyan ümid etdiyini bildirib ki, bu mesaj Azərbaycanda çox yaxşı başa düşüləcək, qaydalar, xətlər var ki, onları keçmək olmaz. Mirzoyanın sözlərinə görə, bu, beynəlxalq ictimaiyyətin mesajıdır.







