BaşlıcaTəhlil

IQAir: “Bişkek ən çirkli şəhərdir,Yerevanda  havanın çirklənmə səviyyəsi zərərlidir”

Qırğızıstanın paytaxtı Bişkek havanın çirklənməsinə görə dünyada birinci yeri tutub. Bu barədə havanın keyfiyyətinin reytinqini dərc edən www.iqair.com saytı  məlumatlandırıb.

Saytın məlumatına görə, Qırğızıstanın paytaxtında havanın çirklənməsi 304 AQI (havanın keyfiyyət indeksi) təşkil edir ki, bu da “təhlükəli” səviyyəyə uyğundur.

İkinci yerdə havanın çirklənmə səviyyəsinin çox zərərli olduğu 215 AQI ilə Mumbay (Hindistan) dayanır. Üçüncü yerdə havanın çirklənmə səviyyəsinin “zərərli” kimi qiymətləndirildiyi 198 AQI ilə Dəkkə (Banqladeş) qərarlaşıb.

Bu siyahının ilk onluğunda Daşkənd (Özbəkistan), Bağdad (İraq), Dehli, Kəlkütə (Hindistan), Akkra (Qana), Karaçi (Pakistan), Katmandu (Nepal) yer alıb. Ermənistan ayrı-ayrılıqda qeyd olunmasa da, saytda İrəvanda havanın çirklənməsinin 176 AQI olduğu, bunun da “zərərli” səviyyəyə uyğun olduğu bildirilir.

“Yaxşı” hava keyfiyyətinə malik şəhərlər arasında birinci yeri San-Fransisko (ABŞ), ikinci yerdə Vankuver (Kanada), Sietl (ABŞ), Portlend (ABŞ), Sidney (Avstraliya) tutur.

Hazırda dünyanın ən çirkli şəhəri sayılan Bişkekə gəlincə, burada ekoloji problemlər ilk dəfə 2017-ci ildə, noyabrda, şəhərdə havanın çirklənmə səviyyəsinin yol verilən maksimum normaları bir neçə dəfə aşmağa başladığı vaxt başlayıb.

O vaxtdan bəri Bişkekin havası təxminən noyabrın ortalarından fevralın ortalarına qədər dünyanın ən çirkli havalarından biri hesab olunur.

Yerli ekoloqların fikrincə, bu həm də dağlardan gələn külək axınlarının qarşısını alan çoxmərtəbəli binalarla şəhərin xaotik tikintisinin nəticəsidir. Çirklənməyə səbəb kimi əhalinin qışda fərdi evlərin qızdırılması üçün kütləvi şəkildə kömürdən istifadə etməsi də göstərilir.

Daha çox göstər
Back to top button