
Almaniya Ermənistana qrant və kredit şəklində 84,6 milyon avro dəstək verəcək. Bu yardım orta ixtisas təhsilinin inkişafına, eləcə də bərpa olunan enerji sahəsində yeni layihələrin həyata keçirilməsinə yönəldiləcək.
Bunu iqtisadiyyat naziri Vahan Kerobyan bildirdi.
2014-cü ildən bəri ilk olan danışıqların nəticələrinə əsasən protokol imzalanıb. Nazir qeyd edib ki, Almaniya ilə əməkdaşlıq Ermənistanı enerji müstəqilliyinə yaxınlaşdırmalıdır, bu isə iqtisadi inkişaf üçün çox vacibdir.
Nazir xatırladıb ki, Ermənistanda Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) rəsmi nümayəndəliyi və Almaniya İnkişaf Bankının (KfW) nümayəndəliyi açılıb.
“KfW Ermənistanda təxminən 1 milyard avro dəyərində layihələr həyata keçirib. Ermənistanın elektrik verilişi xətləri modernləşdirilir. Almaniya İnkişaf Bankı Kapsi su anbarının tikintisi üçün kredit ayırıb, artıq işlər gedir”, – deyə o qeyd edib.
Vahan Kerobyan vurğulayıb ki, ümumilikdə üç il ərzində Ermənistan və Almaniyanın ticarət dövriyyəsi 3 dəfə artıb.







