
Ermənistan ordusu üçün yeni geyim formasında NATO standartları nəzərə alınacaq. Bu barədə jurnalistin yazılı sorğusuna cavab olaraq Müdafiə nazirliyindən məlumatlandırılıb.
Hələ ötən ilin noyabrında Müdafiə naziri Suren Papikyan parlamentdə orduda geyim formasının dəyişdirilməsi prosesinə başlanıldığını, beynəlxalq tərəfdaşlarla iş aparıldığını bəyan etmişdi.
“Yeni formaların seçimində Ermənistan Respublikasının Müdafiə nazirliyi beynəlxalq təcrübə mübadiləsi yolu ilə və NATO standartlarına uyğun aparılan araşdırmaları rəhbər tutur.
NATO-ya üzv ölkələrin, o cümlədən ABŞ, Fransa, Yunanıstan və Çexiyanın geyim nümunələri tədqiq edilib” – deyə agentlik bildirib.
Yeni geyim formasının tətbiqindən sonra Müdafiə nazirliyi qanunvericilik təşəbbüsü ilə çıxış edəcək və ona əsasən, orduda istifadə olunan model formasının satışı qadağan olunacaq.
Xatırladaq ki, hökumət dizayn və geyim keyfiyyəti ilə bağlı fikirlərini təqdim edə biləcək bütün mütəxəssisləri cəlb etmək məqsədi ilə ötən il müsabiqə elan etmişdi.
Müsabiqədə bir neçə erməni şirkəti iştirak edib. Onlar ilkin təsnifat mərhələsindən keçmişdilər. Ancaq ikinci mərhələdə iştirak üçün ərizələr yalnız bir ordu növü üçün hərbi geyimlərin yaradılması üçün verilib.







