
Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Media Nümayəndələrinin Təhlükəsizliyi Platforması “Avropada mətbuat azadlığı: vəziyyəti dəyişdirməyin vaxtıdır” başlıqlı illik hesabatı dərc edib.
Beynəlxalq jurnalistika təşkilatları – Avropa Şurasının tərəfdaşları tərəfindən hazırlanmış 100 səhifəlik məruzə martın 5-də Yunanıstanın Selanik şəhərində keçirilən mətbuat konfransında təqdim edilib.
Məruzədə “2023-cü ildə KİV azadlığı sahəsində on beş QHT tərəfindən dərc edilmiş xəbərdarlıqlar əsasında Avropa Şurasına üzv dövlətlərdə, Rusiya və Belarusda KİV azadlığına əsas təhdidlər” qiymətləndirilib, deyə Avropa Şurasının press-relizində bildirilir.
Məruzədə Azərbaycanda jurnalistlərin təqibi faktları da əksini tapıb.
Azərbaycan jurnalistlərin izlənilməsi üçün casus proqramlarından (Pegasus) istifadə olunan ölkələr (Fransa, Yunanıstan, Türkiyə, Macarıstan, İspaniya ilə birlikdə) arasında göstərilib.
Eyni zamanda, “nümayişlərin işıqlandırılması” zamanı polisin jurnalistlərə hücum etdiyi 8 hadisə yada salınır.
Azərbaycan “jurnalistlərin qətlinə görə cəzasızlıq” haqqında bölməyə də daxil edilib. Nümunə kimi jurnalist Elmar Hüseynovun və publisist Rafiq Tağının qətlinin üstünün açılmaması göstərilir.
Azərbaycanda jurnalistlər öz fəaliyyətlərini həyata keçirərkən qısamüddətli həbslərə məruz qalırlar. Xüsusən, 2023-cü ilin yayında Gədəbəy rayonunun Söyüdlü kəndində yerli əhalinin etirazlarından sonra polis yaşayış məntəqəsinə girişi məhdudlaşdırıb və jurnalistlərin işinə mane olub.
Hesabatda həmçinin Azərbaycanda jurnalistlərin “fəaliyyətlərinə görə qisas olaraq” inzibati həbslərə məruz qaldığı hallar qeyd olunur. Vüqar Məmmədovun (“Hürriyyət TV”), Nurlan Qəhrəmanlının (frilanser), Vəli Şükürzadənin (fotoreportyor) həbsləri bu silsilədəndir.
Məruzədə Abzas Media-nın “xarici valyuta qaçaqmalçlılığı” ittihamı ilə həbs edilmiş jurnalistlərinin işi də yada salınır.
Daha sonra Avropa Şurasında həbsdə olan jurnalistlərin və blogerlərin adları sadalanır. Bu siyahıda ümumilikdə 55 nəfərin adı var, onların 16-sı Azərbayandadır.
Məruzədə Avropa Şurasına Azərbaycan və Türkiyəni “Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platforması ilə dialoqa qayıtmağa” çağırmaq tövsiyə olunur.







