Azərbaycanda ASCO zavodunda 5 işçi qazdan zəhərlənərək ölüb

Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) “Zığ” gəmi təmiri-tikinti zavodunun 61 nömrəli üzən tərsanəsində təmir işləri zamanı qazdan zəhərlənmə nəticəsində 5 işçi ölüb. Bu barədə “İnterfaks” ASCO-nun bəyanatına istinadən xəbər verir.
Hadisənin yerli vaxtla saat 17:00-da baş verdiyi qeyd edilir.
Şirkətdən verilən məlumata görə, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.
Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, daha iki nəfər qazdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Azərbaycan Baş Prokurorluğundan onu da bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə hadisə yerinə baxış və zəruri qanuni tədbirlər davam etdirilir. Ətraflı məlumat daha sonra veriləcək.







