
Aİ Ermənistanda islahatların həyata keçirilməsində mühüm, əsas tərəfdaş olub və olmaqda davam edir. Bu barədə Avropa İttifaqının səfiri Vasilis Maraqos iyulun 1-də Ermənistan demokratiya forumunun əvvəlində salamlama nitqində deyib.
“Biz Ermənistanın islahatlarını, potensialın inkişafını dəstəkləyirik, həmçinin müstəqil qurumlar, vətəndaş cəmiyyəti təşkilatları ilə işləyirik, biz həmçinin ədliyyə və polis islahatlarını, gender bərabərliyini, ailə zorakılığına qarşı mübarizəni, uşaq hüquqları və media azadlığını dəstəkləyirik.
Daxili İşlər Nazirliyi ilə əməkdaşlığımızı xüsusilə qeyd etmək istərdim, siz çox mühüm islahatlara təşəbbüs göstərdiniz, cənab Baş nazir. Biz həmçinin təhlükəsizlik sektorunda islahatları dəstəkləyirik. Hesab edirəm ki, patrul xidmətinin tətbiqi uğurlu oldu. Aİ polisin öz funksiyalarını layiqincə yerinə yetirə bilməsi üçün 76-ya yaxın müasir avtomobil hədiyyə edib”.
Maraqos Aİ-nin ədliyyə islahatlarını dəstəklədiyini qeyd edib: “Biz hökumətə 40 milyon büdcə dəstəyi verdik, bu sahədə davamlı iş aparılır”, – deyə o bildirib.
Aİ səfirinin sözlərinə görə, hazırda Aİ və Ermənistan arasında yeni tərəfdaşlıq gündəliyi üzərində iş gedir. “Əlbəttə, bu əməkdaşlıqda demokratiyanın ön planda olacağını gözləyirəm.
Mən Ermənistanda sərhədin sabitliyini həqiqətən dəstəkləyən Aİ monitorinq missiyasının rolunu qeyd etmək istəyirəm, o həssas ərazilərdə çox peşəkar monitorinq aparılır”.







