Rusiyada Şoyqunun komandasının daha bir generalı saxlanılıb
Rusiya Federasiyası müdafiə nazirinin keçmiş müavini, ordu generalı Pavel Popovu həbs edilib. O, 11 il təqaüdçü Sergey Şoyqunun müavini olub və ölkənin müdafiə xidmət mərkəzləri sisteminə rəhbərlik edib. “112” xəbər verir ki, Popov iki ay əvvəl azad edilib. Onun barəsində olan iş “Patriot” kompleksinin fəaliyyəti ilə bağlıdır.
İstintaq Komitəsi qeyd edib ki, Popov dələduzluqda (Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) şübhəli bilinir. Müstəntiqlərin fikrincə, 2021-2024-cü illərdə “Patriot” kompleksinin inkişafı, saxlanması və işinə cavabdeh olan general müəssisənin direktoru Vyaçeslav Əhmədov və Müdafiə Nazirliyinin innovativ inkişaf baş idarəsinin rəis müavini Vladimir Şesterovla birlikdə fəaliyyət göstərərək şəxsi zənginləşdirmə ilə məşğul olub. Hər ikisi avqustun əvvəlində dələduzluq ittihamı ilə həbs edilib.
Popov Şoyqu ilə uzun müddət çalışıb. Əvvəlcə Daxili İşlər Nazirliyində onun müavini olub, sonra isə Müdafiə Nazirliyinə keçirilib. Yüksək rütbəli hərbçi Şoyqunun komandasından həbs edilən dördüncü general, üçüncü nazir müavini olub. Bundan əvvəl məhkəmə Dmitri Bulqakovu 1,3 milyard rubl, Timur İvanovu isə 1,2 milyard rubl rüşvətə görə həbs etmişdi. Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarin və Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov da istintaq təcridxanasına göndərilib. Hər iki şəxs rüşvətxorluqda ittiham olunur.
İyul ayında “Patriot”da dövlət satınalmaları zamanı mənimsəmə faktı ilə bağlı istintaq hərəkətləri həyata keçirilib. Kompleksin tikintisinə İvanov rəhbərlik edirdi. 3,5 min hektar ərazisi olan kompleksin ərazisində hərbi-vətənpərvərlik muzeyləri, tarixi hadisələrin bərpası zonası, həmçinin Müdafiə Nazirliyinin baş məbədi yerləşir. “Açıq media”nın məlumatına görə, yalnız sonuncunun tikintisinə 2 milyard rubl büdcə vəsaiti xərclənib.