
ABŞ prezidenti Donald Trampın administrasiyası İraqa təzyiqləri artırır və Kürd neftinin ixracına icazə verməyə çağırır. Əks halda, Vaşinqton Bağdada qarşı sanksiyalar tətbiq edəcəyini bildirir.
Bu barədə Reuters agentliyinə birbaşa məlumatlı səkkiz mənbə bildirib.
İraq baş nazirinin müşaviri isə bəyan edib ki, ABŞ administrasiyası ilə təmaslar zamanı Bağdada qarşı heç bir sanksiya və ya təzyiq təhdidi olmayıb.
İraqın yarı-müstəqil Kürdüstan bölgəsindən ixracın tez bir zamanda bərpası, Vaşinqtonun “maksimum təzyiq” kampaniyası çərçivəsində Tehrana qarşı neft ixracını sıfıra endirmək niyyətində olduğu bir vaxtda, İran neftinin ixracının mümkün azalmasını kompensasiya etməyə kömək edəcək.
Mənbələr qeyd edib ki, ABŞ İraq hökumətinə təzyiq göstərərək Kürd neftinin Türkiyə vasitəsilə ixracını bərpa etməyi və onun İranla “qaçaqmalçılıq” yolu ilə ticarətini dayandırmağı tələb edir.
“Vaşinqton Bağdada təzyiq göstərir ki, Kürdüstanın xam nefti qlobal bazarlara Türkiyə vasitəsilə ixrac olunsun, İran tərəfindən ucuz qiymətə alınmasın” – deyə Reuters İraq rəsmisinin sözlərini sitat gətirib.
Türkiyənin energetika naziri Alparslan Bayraqtar bildirib ki, Ankara hələ İraqdan neft tədarükünün bərpası ilə bağlı rəsmi bildiriş almayıb.







