
Parlamentin müxalif “Hayastan” fraksiyasının deputatı Levon Koçaryan Avropa İttifaqını Azərbaycanın törətdiyi beynəlxalq hüququn pozulmasına görə bu ölkəyə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırır.
“Armenpress”in məlumatına görə, bunu Levon Koçaryan Ermənistan parlamentində keçirilən Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 4-cü sessiyasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, eləcə də Dağlıq Qarabağ ətrafındakı vəziyyət barədə danışarkən deyib.
“Ermənilərin Dağlıq Qarabağdan məcburi köçürülməsi beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Biz Avropa İttifaqını məcburi köçkünlərin beynəlxalq himayə altında sağ-salamat qayıtması üçün səy göstərməyə çağırırıq, həmçinin Bakıda saxlanılan bütün erməni əsirlərin azad edilməsinə dəstək verməyə çağırırıq”, – deputat vurğulayıb.
Levon Koçaryan Avropa Parlamentinin Azərbaycanın davamlı təcavüzünü, eləcə də Dağlıq Qarabağda ermənilərə qarşı etnik təmizləməni pisləməyə yönəlmiş bəyanat və təkliflərini yüksək qiymətləndirib.
“Köçkünlərin geri qayıtmaq hüququ, məhbus və əsirlərin azad edilməsi, erməni mədəni irsinin qorunması ilə bağlı bəyanatlar hesabatlılıq və ədalət üçün çox mühüm addımlardır. Bu tədbirlər təkcə keçmiş ədalətsizlikləri aradan qaldırmaq üçün deyil, həm də uzunmüddətli regional sabitliyi təmin etmək üçün həlledici əhəmiyyətə malikdir. Bu, həm Aİ, həm də beynəlxalq ictimaiyyət üçün prioritet olaraq qalmalıdır”, – Koçaryan qeyd edib.







