BaşlıcaSiyasət

Mirzoyan: “Ermənistanın da Azərbaycan Konstitusiyası ilə bağlı narahatlıqları var”

Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan, Azərbaycan və Gürcüstan Xarici işlər nazirlərinin iştirakı ilə keçirilən panel müzakirəsi zamanı Ceyhun Bayramov bildirib ki, regionda sülhün təmin edilməsi üçün tarixi fürsət yaranıb.

O, keçən ay Ermənistan və Azərbaycanın sülh müqaviləsinin mətnini yekunlaşdırdığını xatırlatmışdır.

“Bakı bunu son dərəcə əhəmiyyətli və ciddi inkişaf hesab edir” — deyə Azərbaycanın Xarici işlər naziri vurğulayıb.  Eyni zamanda o qeyd edib ki, sülh müqaviləsinin imzalanması yolunda Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasının (Azərbaycan tərəfinin iddiasına görə) Azərbaycana qarşı ərazi iddiaları ehtiva etməsi kimi maneələr qalır.

Bayramovun bəyanatlarına Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan cavab verib:

“Biz bir neçə dəfə bu strukturun ləğvi prosesinə başlamaq istəyimizi bildirmişik. Bu qurum ləğv edilə bilər, əgər münaqişə qalmayıbsa.

Və bu maraqlı sualdır: İndi bizim münaqişəmiz varmı, yoxsa yox? Faktiki olaraq, yoxdur. Lakin kağız üzərində sülh və dövlətlərarası münasibətlər haqqında razılaşma imzalanmamış və təsdiq edilməmişdir.

Həll yolu ən azından bizim üçün aydındır. Gəlin müqaviləni imzalayaq və bu münaqişəyə institusional yolla son qoyaq. Bütün sualları müzakirə etmək üçün komissiya yarada bilərik” — deyə Mirzoyan qeyd edib.

Nazir həmçinin Ceyhun Bayramovun “Ermənistan Konstitusiyasının dəyişdirilməli olduğu” iddiasına da cavab verib:

”Ermənistan Konstitusiyasına gəldikdə… Bizim də Azərbaycan Konstitusiyası ilə bağlı narahatlıqlarımız var. Və bunu yalnız “güzgülü reaksiya” üçün demirik.

Azərbaycan Respublikası özünü Birinci Azərbaycan Respublikasının hüquqi varisi elan edir. Lakin Birinci Respublika öz suverenliyini indiki Azərbaycan Respublikasından daha geniş ərazilər, o cümlədən Ermənistanın hazırkı ərazilərinin təxminən 60%-i üzərində elan etmişdir.

Və sual yaranır: Hansı yanaşmanı seçirik? Bütün mümkün sualların cavabını əvvəlcədən almağa hazırlaşıb, yalnız ondan sonra münasibətlər qurmaq istəyirik, yoxsa artıq əldə etdiyimiz tarixi irəliləyişə əsaslanırıq?

Təkrar edirəm: Ermənistan və Azərbaycan müqavilə mətninə razılıq verərək, bir-birinin ərazi bütövlüyünü SSRİ dağılana qədər mövcud olan sərhədlər daxilində tanıyıblar.

Bu proseslər sonsuz davam edə bilməz. Biz başa düşməliyik: Gələcəyəmi yoxsa keçmişəmi   diqqəti cəlb etməliyik?— deyərək Ararat Mirzoyan vurğulamışdır.

Daha çox göstər
Back to top button