
Azərbaycan, Avropa Şurasına üzv ölkələr arasında əhalinin hər 100 min nəfərinə düşən məhbus sayına görə ikinci yeri tutub.
Bu, Avropa Şurasının dərc etdiyi “SPACE I – 2024” illik hesabatında öz əksini tapıb.
Hesabata görə, Azərbaycanda hər 100 min əhalidə 264 məhbus düşür. Bu, Avropa Şurası üzvü ölkələr arasında ən yüksək ikinci göstəricidir.
Birinci yerdə Türkiyə durur (100 min əhalidə 356 məhbus). Üçüncü yerdə isə Gürcüstan var (261 məhbus).
Bundan əlavə, Azərbaycan həbsxanaların həddindən artıq dolu olması problemi ilə üzləşən ölkələr sırasındadır. Məlumata görə, ölkənin cəzaçəkmə müəssisələrində hər 100 yerə orta hesabla 103 məhbus düşür.
31 yanvar 2023-cü ildən 31 yanvar 2024-cü ilə qədər Azərbaycanda məhbusların sayı 8,3% artıb.
Hesabatda qeyd olunur ki, ümumilikdə Avropada bu dövrdə məhbusların sıxlığında artım müşahidə edilib: hər 100 yerə düşən məhbusların orta sayı 1,5% artaraq 94,9 olub (bir il əvvəl 93,5 idi).
Hal-hazırda Avropa Şurasının 51 üzv ölkəsinin həbsxanalarında bir milyondan çox məhbus saxlanılır.







