
Avropa Şurası Parlament Assambleyasında Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqton Bəyannaməsinin imzalanması kontekstində “Zəngəzur dəhlizi” ifadəsini xatırladan Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının deputatı Edvard Liyə sərt cavab verdi.
Alınan məlumata görə, deputat soruşdu ki, həmin dəhlizin yaradılması Ermənistanın maraqlarına da eyniylə uyğundurmu, necə ki, Azərbaycanın maraqlarına uyğundur.
Baş nazir xatırlatdı ki, Vaşinqtonda qəbul olunmuş sənədlər həcmi baxımından geniş deyil, cəmi bir səhifə və beş bənddən ibarətdir:
“Qeyd etdiyiniz ritorika ümumiyyətlə mövcud deyil və bu sənədlərdə yoxdur. Mən vurğulamaq istəyirəm: siz ‘Zəngəzur dəhlizi’ ifadəsini işlədirsiniz.
Bu ifadə sizə haradan gəldi? Belə bir şey heç bir sənəddə olmayıb və əmin olun ki, Ermənistan–Azərbaycan arasında razılaşdırılacaq heç bir sənəddə də olmayacaq” – deyə o, vurğuladı.
Baş nazir qeyd etdi ki, sülh prosesində ən mühüm şərt legitim və razılaşdırılmış terminlərin işlədilməsidir.
“Sülh qayğı tələb edir. Həmin qayğının mühüm atributu isə legitim terminlərin istifadəsidir. Mənim çıxışlarımda elə bir söz yoxdur ki, onun mənşəyini Vaşinqtonda qəbul olunmuş sənədlərdə göstərməyim mümkün olmasın” – deyə Paşinyan qeyd edib.
O, deyib ki, “Zəngəzur dəhlizi” ifadəsi Ermənistan Respublikasının suverenliyinin kobud şəkildə pozulmasıdır.
“Mən həmçinin azərbaycanlı həmkarıma müraciətlə çağırış etdim ki, xəritədə “Zəngəzur dəhlizi” haradadır, onu dəqiqləşdirsin.
Çünki əgər “Zəngəzur dəhlizi” deyiləndə Ermənistan ərazisi nəzərdə tutulursa, bu, Ermənistan Respublikasının suverenliyinin kobud şəkildə pozulması deməkdir.
Ermənistan hökumətinin və ya parlamentinin qəbul etmədiyi halda, heç kimin Ermənistan ərazisinə ad vermək hüququ yoxdur” – deyə Baş nazir vurğuladı.
O, həmçinin xatırlatdı ki, Vaşinqton razılaşmalarına görə tərəflər regionda kommunikasiya xətlərini dövlətlərin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası əsasında, qarşılıqlı prinsip əsasında açmağa razılaşıblar.
Paşinyan əlavə etdi ki, Vaşinqton sənədlərinə görə Ermənistanda həmçinin TRIPP (Trump’s Route for International Peace and Prosperity – Beynəlxalq Sülh və Rifaha dair Tramp marşrutu) layihəsi həyata keçiriləcək və həmin sənədin altında Azərbaycanın prezidenti də imza atıb.
“Buna görə də mənim çağırışım və gözləntim ondan ibarətdir ki, yalnız legitim terminlərdən istifadə olunsun, Azərbaycan tərəfdaşlarımdan isə gözləyirəm ki, onlar xəritədə göstərsinlər, haranı nəzərdə tuturlar və hansı ərazini “Zəngəzur dəhlizi” adlandırırlar.
Əgər bu, hər hansı formada Ermənistanın suveren ərazisinə aiddirsə, üzr istəyirəm, heç kimin Ermənistan Respublikasının ərazisinə ad qoymaq hüququ yoxdur.
Əks halda, bu, Ermənistanın suverenliyinin pozulması deməkdir. Təkrar edirəm – Ermənistan Respublikasının ərazisi barədə yalnız hökumətin, parlamentin və ya müvafiq qurumların müəyyən etdiyi və ya hökumətlə razılaşdırılmış terminlərdən istifadə oluna bilər.
Buna görə də icazə verin deyim ki, mən sizin bu mötəbər zalda və bu nüfuzlu institutda qeyri-legitim ifadə işlətməyinizi sərt şəkildə pisləyirəm” – deyə Paşinyan yekunlaşdırdı.







