
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycan hakimiyyəti ilə əlaqələri bərpa etmək üçün dialoq yolları axtarmaqda davam edir.
Alınan məlumata görə, BQXK-nın Ermənistandakı nümayəndəliyinin kommunikasiya və profilaktika üzrə rəhbəri Zara Amatuni Gümrüdə jurnalistlərə müsahibəsində qeyd edib ki, təşkilat Azərbaycanda Qırmızı Xaç idarəsinin bağlanmasından sonra əsir düşmüş ermənilərlə bağlı məlumat əldə etmək çətinliyi ilə üzləşib.
BQXK Azərbaycanda 33 il fəaliyyət göstərdikdən sonra bu ilin sentyabr ayında öz nümayəndəliyini bağlayaraq ölkədən getdi.
“Əgər orada saxlanılan insanlar haqqında danışırıqsa, son görüş iyun ayında baş tutub. O vaxtdan bəri şəxslərlə görüşmək imkanımız olmayıb.
Buna görə də onların vəziyyətindən və adətən görüşlər zamanı əldə etdiyimiz məlumatlardan xəbərsizik. Fiziki olaraq orada olmamaq səbəbindən artıq Azərbaycanda münaqişə ilə bağlı bütün humanitar məsələlərə nəzarət etmək mümkün deyil.
Belə hallar təcrübəmizdə nadir hallarda baş verir, lakin təşkilatımız humanitar işimizin və hələ də qorunmaya ehtiyacı olan insanların xeyrinə ölkə hakimiyyəti ilə dialoq yolları axtarmaqdan əl çəkmir” — deyə Zara Amatuni vurğulayıb.
O, həmçinin qeyd edib ki, BQXK-nın Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı şərtlər açıqlanmır, çünki bu işin əhəmiyyətli hissəsi məxfi formatda həyata keçirilib.
“İstənilən halda, Qarabağ münaqişəsi ilə bağlı humanitar məsələlər hazırda Ermənistanda diqqətimiz mərkəzindədir.
Bunlar itkin düşmüş şəxslər problemini, məhkəmə-ekspertiza qurumlarının ehtiyac və imkanlarının artırılmasını, həmçinin sərhəd yaxınlığında yaşayan əhalini əhatə edir.
Bütün bu məsələlər Azərbaycanda olmamağımızdan asılı olmayaraq diqqətimizdə qalmaqda davam edir” — deyə Zara Amatuni qeyd edib.







