
Baş nazirin müavini Mher Qriqoryan təsdiq edir ki, ötən gün Qəbələdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı məsələsi müzakirə olunub.
AzadlıqRadiosunun Yerevan və Bakının Azərbaycandan yanacaq idxalı ilə bağlı artıq razılığa gəliblərmi sualına cavab olaraq baş nazirin müavini bu gün belə cavab verib: “Bəli, müzakirələr olub, əməkdaşlıq imkanları var”.
AzadlıqRadiosu baş nazirin müavininə Azərbaycanın hansı həcmdə yanacaq idxalının söz mövzusu olduğunu, hansı erməni şirkətlərinin Azərbaycandan neft almaq niyyətində olduğunu və Azərbaycanın Ermənistana neft və neft məhsullarını hansı qiymətə satmağa hazır olduğunu, Rusiyadan idxal olunan yanacaqla rəqabətədavamlı olub-olmadığını da soruşub. Bu suallara cavab olaraq Mher Qriqoryan qeyd edib:
“Yanacaqla bağlı gələcək inkişaflar artıq özəl ixracatçılar və idxalçılar arasında əməkdaşlıq çərçivəsindədir və mümkün əməliyyatların şərtləri bazar əsaslı olacaq”, – Baş nazirin müavini cavab verib.
Azərbaycan tərəfi Ermənistan ictimaiyyətinə məlumat verib ki, Yerevan və Bakı Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı məsələsini müzakirə edirlər. Bu barədə ötən həftə Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Hikmət Hacıyev məlumat verib. O qeyd edib ki, sərhədlərin delimitasiyası prosesi ilə paralel olaraq baş nazir müavinləri iki ölkə arasında qarşılıqlı ticarətin müəyyən sahələrini də müzakirə ediblər. Və hazırda müzakirə olunan sahələrdən biri də Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracıdır.
Azərbaycan yanacağının idxalı ilə yanaşı, Ermənistan və Azərbaycan qarşılıqlı ticarətin daha hansı sahələrini müzakirə edir, baş nazirin müavini Mher Qriqoryan bu suala konkret cavab verməyib və yalnız “digər məhsullar üzrə müzakirələrin hələ də davam etdiyini” qeyd edib.







