BaşlıcaSiyasət

Miriam Lexman: “AB və ABŞ erməni əsirlərin azad edilməsi üçün Bakıya təzyiq göstərməlidir

Avropa Parlamentinin deputatı, Ermənistan üzrə məruzəçi Miriam Lexman hesab edir ki, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları Azərbaycanda saxlanılan erməni əsirlərin azad edilməsi üçün Bakıya birgə təzyiq göstərməlidir.

Miriam Lexman bu fikirləri Brüsseldə verdiyi müsahibədə bildirib.

Müsahibədə Lexman, həmçinin Ermənistan-AB münasibətlərinə, Yerevanda keçiriləcək Ermənistan-AB” və Avropa Siyasi Birliyinin sammitlərindən gözləntilərə, Ermənistanda keçiriləcək seçkilər ərəfəsində xarici müdaxilələrə qarşı AB-nin görəcəyi işlərə və digər məsələlərə toxunub.

SUAL: – Avropa Parlamenti tez-tez Ermənistanın avropayönümlü istəklərinə aydın dəstək nümayiş etdirir. Ermənistan yaxın 6-12 ay ərzində Aİ-dən real olaraq hansı konkret addımları gözləməlidir?

CAVAB: – Ermənistanın AB standartlarına cavab verməsi Avropa Birliyinin vəzifəsi deyil. Təbii ki, Avropa Birliyi müxtəlif proqramlar vasitəsilə Ermənistana dəstək verməyə hazırdır. Tezliklə Yerevanda ilk Ermənistan-AB sammiti, həmçinin Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.

 Orada AB əsasən müxtəlif infrastruktur layihələrinə investisiyalar, rəqəmsallaşma, rəqabətqabiliyyətlilik və s. haqqında danışacaq. Beləliklə, praktiki olaraq AB-nin üzvlük üçün zəruri meyarlara cavab verməkdə Ermənistana kömək etmək öhdəliyi yoxdur, lakin İttifaq artıq kömək edir.

CEPA sazişi, həmçinin “Global Gateway” və digər proqramlar vasitəsilə investisiyaların yatırılmasına şərait yaradır. Bu saziş infrastruktura investisiya, rəqəmsallaşma və rəqabətqabiliyyətliliyi artırmaqla regionu daha dözümlü etmək məqsədi daşıyır.

Çünki biz görürük ki, təəssüf ki, uzun illər ərzində AB Rusiyanın regionda dominant güc olmaq səylərini lazımi qədər qiymətləndirməyib. Gələcəyini AB-də görən və ölkəsi üçün Avropa gələcəyi vizyonu olan ölkələri infrastruktur layihələri vasitəsilə dəstəkləmək bizim üçün son dərəcə vacibdir.

AB Ermənistanın qonşuları ilə, xüsusən Azərbaycan və Türkiyə ilə münasibətlərini də izləyir. Çünki Azərbaycan və Türkiyə də müəyyən səviyyədə AB-nin tərəfdaşlarıdır və bu ölkələr arasında daha yaxşı münasibətlərə aparan addımları dəstəkləməyimiz çox önəmlidir.

 AB iki faciəvi müharibədən sonra qurulub; iqtisadi əməkdaşlıq, infrastruktur və vətəndaşlar arasında əlaqələrin qurulması müasir Aİ-nin əsas sütunlarını formalaşdırıb.

 Ölkələr bir-biri ilə müharibə etdikdən sonra tərəfdaşlıq və iqtisadi əməkdaşlığı inkişaf etdirə bildilər.

SUAL: – Brüssel Ermənistanın Avropa yolunu dəstəklədiyini deyəndə bu praktikada nə deməkdir: vizaların liberallaşdırılması, daha güclü təhlükəsizlik əməkdaşlığı, daha dərin iqtisadi inteqrasiya, yoxsa daha aydın siyasi yol xəritəsi?

CAVAB: – Əlbəttə ki, bunların hamısı. Və burada Ermənistan öz rolunu oynamalıdır, çünki bu bizim deyil, Ermənistanın “ev tapşırığıdır.

Siz, məsələn, vizaların liberallaşdırılmasını qeyd etdiniz. Təbii ki, müəyyən meyarlar var. Bu meyarlar yerinə yetirildikdə AB növbəti addımları ata bilər.

Ermənistan üçün hələ də ən çətin meyarlardan biri sərhədlərin mühafizəsidir. Mən başa düşürəm ki, tarixən bu ermənilərin əlində olmayıb, ona görə də Ermənistanın sərhədlərin həqiqətən qorunması üçün bütün lazımi addımları atması çox vacibdir ki, AB də viza liberallaşdırılması istiqamətində irəliləyə bilsin.

SUAL: – Bakıda saxlanılan erməni əsirlər məsələsinə gəlincə; Sizcə, AB-nin Azərbaycanla münasibətləri onların azad edilməsi şərti ilə bağlanmalıdırmı? Əgər yoxsa, AB hansı rıçaqları tətbiq etməyə hazırdır?

CAVAB: – Avropa Birliyi üçün bu insanların necə tezliklə azad edilə biləcəyini demək çox çətindir. Ermənistan üzrə məruzəçi kimi mənim marağımda olan məsələ zəruri təzyiqin yaradılması və tətbiq edilməsidir.

Biz mütəmadi olaraq Avropa Komissiyasından bu məsələ ilə məşğul olmağı tələb edirik, çünki qeyd etdiyiniz kimi, bizim Azərbaycan üzərində rıçaqlarımız (təsir imkanlarımız) var. AB-nin bu insanların tezliklə azad olunmasını təmin etmək üçün həmin rıçaqlardan istifadə etməsi çox vacibdir.

Biz bunu Ermənistan hökuməti ilə də koordinasiya edirik, çünki bu məsələnin hökumət üçün böyük narahatlıq predmeti olduğunu görürük və insanların azad edilməsi üçün Azərbaycan tərəfinə birgə təzyiq göstərməyə çalışırıq.

SUAL: – Avropa Parlamenti Ermənistan məsələsində tez-tez AB-nin digər qurumlarından daha sərt və aydın mövqe nümayiş etdirib.

Siz Parlament ilə Komissiya, yaxud Parlament ilə Şura, yaxud üzv dövlətlər arasında əsas uçurumu nədə görürsünüz? (Söhbət ümumilikdə Ermənistana yanaşmadan gedir).

CAVAB: – Bir mənada bu təbiidir, çünki biz sərt tonda danışa bilərik, lakin icra Komissiyanın əlindədir. Real həyatda hər hansı bir şeyi bəyan etmək, onu icra etməkdən daha asandır.

 Biz qərarlar qəbul edirik və Avropa Komissiyasına təzyiq göstəririk. Bəzi üzv dövlətlər də eyni şeyi edir. Lakin icra mexanizmi Komissiyadadır.

Təəssüflə deməliyik ki, əgər siyasi məhbusların azad edilməsi yalnız Komissiyanın əlində olsaydı, onlar artıq azad idilər. Təəssüf ki, onlar Azərbaycan tərəfindən girov saxlanılırlar. Komissiyanın bütün imkanlardan istifadə edib-etmədiyini demək çətindir, lakin mən əminəm ki, onlar hər yolu sınayıblar.

Ümid edirəm ki, Azərbaycan tərəfi bu təzyiqə nəhayət hörmətlə yanaşacaq və tərəfdaş kimi çıxış edərək bu siyasi məhbusları saxlamayacaq. Həmçinin ümid edirəm ki, ABŞ da buna qoşulacaq və Azərbaycan tərəfinə təzyiq göstərəcək.

Çünki TRIPP layihəsi vasitəsilə ABŞ-ın da Ermənistan və Azərbaycan arasında münasibətlərin yaxşılaşmasında böyük marağı var.

Hesab edirəm ki, bu, prosesin bir hissəsi olmalıdır. Beləliklə, AB və ABŞ qarşı tərəfə birgə təzyiq göstərməlidir ki, o insanlar tezliklə azad olunsunlar.

SUAL: – Ermənistanda keçiriləcək seçkilər ərəfəsində demokratiya üçün əsas riskləri nədə görürsünüz və AB-nin hansı dəstəyi ən böyük təsirə malik ola bilər?

CAVAB: – Əsas real siyasi risk olaraq Rusiyanın seçkilərə müdaxiləsini görürəm. Artıq Rusiya tərəfindən bəzi cəhdlərin olduğunu görürük və hesab edirəm ki, bu, ən böyük riskdir.

AB üçün vacib olan odur ki, Ermənistan xalqı öz gələcəyini sərbəst şəkildə müəyyən etsin. Biz öz üzərimizə düşəni etməyə çalışırıq. Sosial mediada müdaxiləni və dezinformasiyanı aşkar etmək üçün artıq bəzi ekspertlər göndərmişik.

Əlbəttə ki, seçki prosedurlarını izləmək üçün yerində müşahidəçilər də olacaq. Biz Rusiyanın müdaxilə cəhdlərinin qarşısını almalıyıq ki, xalq hökumətə kimin rəhbərlik edəcəyini özü seçsin.

SUAL: – Qarşıdakı Ermənistan-AB sammiti ərəfəsində hansı konkret qərar verilməlidir ki, Ermənistan vətəndaşları AB dəstəyinin təkcə ritorika deyil, etibarlı olduğunu hiss etsinlər?

CAVAB: – Hesab edirəm ki, sammitin əsas mövzusu Ermənistanın geosiyasi təzyiqlərə qarşı dözümlülüyü, iqtisadi inkişafı, rəqabətqabiliyyətliliyi və ticarət olacaq.

Əgər ermənilər AB-nin bu cür layihələrdə dəstəyə hazır olduğunu hiss etsələr, bu, AB-nin Ermənistanı gələcək potensial üzv kimi gördüyünə dair aydın siqnal olacaq.

Əlbəttə, əgər erməni xalqı belə qərar versə, bu üzvlük baş tutacaq. Digər tərəfdən, qeyd etməliyik ki, proses son dərəcə çətindir. Hazırda AB-də genişlənmə ilə bağlı çətinliklər var və üzv dövlətlərin reaksiyasının necə olacağını demək çətindir, çünki üzvlük üzv dövlətlər tərəfindən təsdiqlənməlidir.

Bəzi ölkələrdə bu, referendum, bəzilərində isə parlament səsverməsi yolu ilə olur. Bu, gələcək uzun illərin məsələsidir.

Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti göstərir ki, AB öz cənub və şərq qonşuları ilə işləri koordinasiya etməyə çalışır, çünki bu ölkələri geosiyasi sarsıntılara tab gətirmək üçün mühüm tərəfdaşlar kimi görür.

Biz onlara konkret jestlərlə göstərməliyik ki, onlara güvənirik.

SUAL: – Məcburi köçkünlər (Qarabağdan olanlar) məsələsi gah gündəmdədir, gah da gündəmdən düşmüş kimi görünür. Sizin gündəminizdə bu məsələ hansı yerdədir? Bu insanlar unudulmamaq və hüquqlarının qorunması üçün nəsə edilməsini gözləyirlər.

CAVAB: – Bəli, əlbəttə, bu çox vacib mövzudur və ümid edirəm ki, heç vaxt unudulmayacaq. Evlərini tərk etməyə məcbur olan insanların əzablarını heç vaxt unutmamışam. Bunun iki tərəfi var:

Birincisi, insanların rifahı və gələcəkdə qayıtmaq istəsələr, onların gələcəyi. Hesab edirəm ki, bu, AB-nin iştirak etməli olduğu gələcək danışıqların bir hissəsidir; insanlara istədikləri təqdirdə evlərinə qayıtmaq imkanı verilməlidir.

Detallara varmaq istəmirəm, lakin burada AB Azərbaycan tərəfi ilə təmasda olaraq rol oynamalıdır, çünki beynəlxalq insan hüquqları müqavilələri var.

Digər tərəfdən, AB bu insanların orta müddətli dövrdə ləyaqətli həyat şəraitinə və sığınacağa malik olmasına kömək etməlidir. Uzunmüddətli həll isə onların öz iradələrinə zidd şərtlərə məruz qalmadan evlərinə qayıtmaq imkanının olmasıdır.

Mədəni və dini irs də çox vacib mövzudur. Mən YUNESKO nümayəndələri ilə bir neçə görüş və dinləmələr keçirmişəm.

Avropa tərəfi bu yerləri zərərdən qorumaqda maraqlı olmalıdır, çünki bu, bizim ümumi xristian irsimizdir. Avropa irsinin xristian kökləri var və biz Dağlıq Qarabağın xristian irsinin qorunmasında qətiyyətli olmalıyıq.

 Hesab edirəm ki, AB Dağlıq Qarabağdakı bu yerlərin mühafizəsini təmin etmək üçün daha çox iş görməlidir.

Daha çox göstər
Back to top button