
Alınan məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.
“Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Türkiyənin Vitse-prezidenti ilə səmərəli fikir mübadiləsi aparıldı. İkitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olundu.
Tarixi Ani körpüsünün birgə bərpasına dair protokolun imzalanmasını alqışladıq” – deyə Baş nazir yazıb.
Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz da öz növbəsində “X” mikrobloqunda qeyd edib ki, İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla hərtərəfli və səmərəli görüş keçirib.
Onun sözlərinə görə, görüşdə ikitərəfli münasibətlərə dair məsələlər müzakirə olunub.
“Zati-aliləri Paşinyanla görüşümüzdə ikitərəfli münasibətlərimizi hərtərəfli qiymətləndirdik. Nəqliyyat, gömrük, energetika və rəqəmsal infrastrukturun möhkəmləndirilməsi istiqamətində atılacaq addımları, eləcə də əlaqələrin gücləndirilməsini müzakirə etmək imkanımız oldu” – deyə Türkiyənin Vitse-prezidenti bildirib.
Yılmaz normallaşma prosesində əldə olunan irəliləyişi də vacib sayıb:
“Xüsusilə şadıq ki, normallaşma prosesi çərçivəsində atılan qarşılıqlı konstruktiv addımlar konkret irəliləyişlər gətirir” – deyə o yazıb.
Ani körpüsünün bərpasına toxunan Yılmaz qeyd edib ki, Ani körpüsünün birgə bərpasına dair anlaşma memorandumunun imzalanması həm də möhkəm sülh və təhlükəsizlik mühitinin yaradılmasına kömək edəcək.
O, vurğulayıb ki, Türkiyə regional əməkdaşlığı dəstəkləməyə davam edəcək.
“Regional sülh, dialoq və sabitlik əsasında biz Cənubi Qafqazda normallaşmanın təşviqinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və insanlar arasında təmasların gücləndirilməsinə dair yanaşmamızı qətiyyətlə davam etdirəcəyik” – deyə Yılmaz qeyd edib.
Ermənistan Respublikası və Türkiyə Respublikası sərhədində yerləşən tarixi Ani (İpək Yolu) körpüsünün bərpası işlərinin həyata keçirilməsinə dair protokolu Ermənistan Parlamenti sədrinin müavini, Ermənistan-Türkiyə normallaşma prosesi üzrə xüsusi nümayəndə Ruben Rubinyan və səfir, Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə Serdar Kılıç imzalayıblar.







