Artavazd Peleşyanın beş filmi 79-cu Kann Kinofestivalında nümayiş etdiriləcək

Görkəmli bədii və sənədli film rejissoru, ssenarist Artavazd Peleşyanın beş filmi 79-cu Kann Kinofestivalının “Klassiklər” proqramında nümayiş olunacaq.
Alınan məlumata görə, kino həvəskarları Peleşyanın ”İnsanlar ölkəsi” (1966), “Başlanğıc” (1967), “Biz” (1969), “Sakinlər” (1970) və “İlin fəsilləri” (1975) filmlərinin bərpa edilmiş versiyalarını izləmək imkanı qazanacaqlar. Peleşyan nümayişlərdə şəxsən iştirak edəcək.
Kann “Klassiklər” proqramı 2004-cü ildən bəri həyata keçirilir. Məqsəd bir çox dəyərli filmləri bərpa olunmuş variantda təqdim etmək və sahənin nümayəndələrinə ehtiram nümayiş etdirməkdir.
79-cu Kann Kinofestivalı may ayının 12-dən 23-dək keçiriləcək. Ermənistan Kino Fondu da bildirir ki, Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyinin dəstəyi ilə mayın 12-20-də festival çərçivəsində keçirilən Marché du Film – Festival de Cannes kinobazarında milli pavilyonla iştirak edəcək.







