BaşlıcaSiyasət

AB Ermənistanla Ticari Əlaqələri Yaxşılaşdırmaq Üçün Sürətləndirilmiş Tədbirlər paketi hazırlayır

Avropa Komissiyası, Rusiyanın Ermənistandan edilən idxala tətbiq etdiyi məhdudiyyətlər fonunda Ermənistanla ticari münasibətləri yaxşılaşdırmaq üçün sürətləndirilmiş qaydada tədbirlər paketi hazırlayır.

Alınan məlumata görə, bu barədə Financial Times (FT) qəzeti 4 mənbəyə istinadən yazıb.

Qeyd olunur ki, Brüssel erməni qida və kənd təsərrüfatı məhsullarının ixracı üçün gömrük rüsumlarını azaldacaq ticari tədbirlər üzərində işləyir.

Avropa Komissiyasının sözçüsü Olof Gill Financial Times-a bildirib ki, Avropa Komissiyası Avropa İttifaqı bazarında erməni biznesi üçün daha çox imkanlar yaratmaq, eləcə də Rusiya Federasiyasının məhdudiyyətlərindən ən çox zərər çəkmiş iqtisadiyyat sahələrinə dəstək vermək üçün ticari tədbirlər təklif edəcək.

FT-nin mənbələrindən biri qeyd edib: “İndi irəli addımlamaq və onlara etibarlı tərəfdaş ola biləcəyimizi nümayiş etdirmək üçün dəstək olmaq vaxtıdır”.

Məlumata görə, AB-nə üzv dövlətlərin əksəriyyətinin və Avropa Parlamentinin təsdiqini tələb edən bu tədbirlər, illik dəyəri təxminən 420 milyon avro olan 20-yə yaxın mal kateqoriyasının böyük hissəsini əhatə edəcək.

Bununla belə, mənbələrin bildirdiyinə görə, bəzi erməni məhsulları AB rəsmiləri üçün problemlidir. Bu, əsasən Ermənistanın əsas ixrac mallarından biri olan konyaka aiddir (Fransa üçün konyak istehsalının əhəmiyyəti nəzərə alınmaqla).

Ermənistanın İqtisadiyyat Naziri Gevorg Papoyan bildirib ki, Ermənistan “konyak” sözünün əvəzinə “erməni brendi” adından istifadə edəcək.

Digər bir problem isə dənizə çıxışı olmayan ölkədən tez xarab olan məhsulların Türkiyə və ya Gürcüstan ərazisindən daşınmasının çətinliyidir.

Rusiya, Ermənistanda iyunun 7-də keçirilən parlament seçkiləri ərəfəsində bir çox erməni məhsullarının idxalına qadağa və məhdudiyyətlər tətbiq etmişdi və bu məhdudiyyətlər bu gün də davam edir.

Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi bu idxal qadağaları fonunda Ermənistan ixrac bazarlarını Avropa Birliyi və digər bazarlara doğru şaxələndirir (diversifikasiya edir).

Daha çox göstər
Back to top button