
MSK parlament seçkiləri zamanı daha 9 dairədə pozuntularla bağlı şikayətlərin Dairə Seçki komissiyalarına (DSK) göndərilməsi ilə bağlı qərar qəbul edib.
Belə ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 46 saylı Şirvan, 51 saylı Qusar, 9 saylı Binəqədi ikinci, 10 saylı Binəqədi üçüncü, 86 saylı İsmayıllı, 66 saylı Biləsuvar, 42 saylı Sumqayıt ikinci dairə üzrə şikayətlər DSK-ya göndərilib. DSK-ya göndərilən şikayətlərin ümumi sayı 40-ı keçib.
MSK-nın keçmiş üzvü, Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri Akif Qurbanov MSK-nın şikayətlərlə bağlı işində qarışıqlığın olduğunu qeyd edib.
“MSK eyni pozuntularla bağlı müxtəlif qərarlar çıxarır. Bəzi şikayətlər DSK-ya göndərilir, digərlərini təlimata uyğun olmadığına görə, bir qismini isə şikayət vermə müddəti bitdiyinə görə baxılmaq üçün qəbul etməkdən imtina edirlər”, – A.Qurbanov bildirib.
DSK-lar da şikayətlərə baxarkən müxtəlif metodlardan istifadə edirlər: gah materialların orijinalını tələb edirlər, gah da müddətin bitməsi bəhanəsi ilə baxmaqdan imtina edirlər. Həmçinin şikayətlərin poçtla göndərilməsində problemlər var və MSK-dan DSK-ya göndərilən materialların çoxu hələ də ünvana çatmayıb.
Ekspert güman edir ki, bu süründürməçilikdə məqsəd ərizələrin məhkəməyə verilmə müddəti başa çatana qədər şikayətlərə baxılmasını yubatmaqdır.
DTİ seçkilərin uzunmüddətli monitorinqini aparır.







