
Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan və Belçikanın Baş naziri Bart De Vever arasında görüş keçirilib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər Ermənistan-Belçika münasibətlərinin gündəliyində olan bir sıra məsələləri müzakirə ediblər.
Onlar siyasi dialoqun dinamik xarakterini yüksək qiymətləndirib və ticarət-iqtisadi əməkdaşlığın inkişafı, investisiyaların və biznes əlaqələrinin genişləndirilməsi istiqamətində ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar.
Belçika Baş naziri ölkəsinin Ermənistan-Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini ifadə edib və əmin olduğunu bildirib ki, Ermənistan Baş nazirinin Brüsselə səfəri ikitərəfli əməkdaşlığın inkişafına yeni təkan verəcək.
Baş nazir Paşinyan bu gün keçirilən görüşlərin nəticələrindən məmnunluğunu bildirib və Ermənistan hökumətinin AB ilə əməkdaşlığın, o cümlədən institusional islahatların səmərəli irəliləməsinin inkişaf etdirilməsinə sadiqliyini vurğulayıb.
Nikol Paşinyan və Bart De Vever regiondakı inkişaflar, o cümlədən Ermənistan-Azərbaycan sülh prosesi barədə də fikir mübadiləsi aparıblar.
Baş nazir Nikol Paşinyanın Brüsselə işgüzar səfəri başa çatıb.







