
Ermənistan, məsələyə dair TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan dəmir yolunun idarə edilməsinin mümkün konsessiya əsasında verilməsi məsələsində yalnız öz dövlət maraqlarını rəhbər tutur.
Alınan məlumata görə, jurnalistlərə qısa açıqlamasında bu haqda İqtisadiyyat naziri Gevorg Papoyan deyib.
“Dünyada həm ABŞ, həm Ermənistan, həm də Rusiya ilə çox yaxşı münasibətləri olan ölkələr var və mənim təəssüratıma görə, onların pulları da var…
Baş nazir bu mexanizm haqqında danışıb””– deyə Papoyan qeyd edib. O, jurnalistin Baş nazirin dəmir yolunun konsessiya idarəsinin üçüncü ölkəyə verilməsinin mümkünlüyü barədə bəyanatına Rusiyanın reaksiyasının olub-olmaması, habelə bu məsələ ilə bağlı Rusiya tərəfi ilə müzakirələrin aparılıb-aparılmaması sualına cavab verib.
Nazir vurğulayıb ki, təşəbbüs heç bir ölkəyə qarşı yönəlməyib.
“Bu, Rusiyaya qarşı deyil, bu, Ermənistan üçündür. Əgər Rusiya bu investisiyaları edə bilsə və Rusiya tərəfi bu sistemə xidmət göstərə bilsə ki, bu yüklər Ermənistandan keçsin və biz bundan siyasi, iqtisadi, təhlükəsizlik baxımından fayda əldə edək – bizim problemimiz yoxdur” – deyə o, bildirib.
Papoyanın sözlərinə görə, Ermənistan istənilən halda öz mənafeyini önəmli hesab edəcək. “Ermənistan və ABŞ-ın marağı qarşıya qoyulduqda – Ermənistanın marağını müdafiə edəcəyik, Ermənistan və Rusiyanın marağı – Ermənistanın marağını müdafiə edəcəyik,
Ermənistan-AB, Ermənistan-Çin, Ermənistan-İran… hamıya hörmət edirik, lakin istənilən halda, tərəzinin bir gözündə Ermənistan, digərində isə hansısa dost, tərəfdaş və ya strateji müttəfiqin marağı durduqda, təbii ki, biz öz marağımızı önəmli hesab edəcəyik” – deyə Papoyan vurğulayıb.
Nazir həmçinin layihənin Ermənistan üçün iqtisadi əhəmiyyətini də qeyd edib. “Bizim üçün yükün gəlməsi, Azərbaycandan Ermənistana daxil olması, sonra yenidən Azərbaycana, sonra yenidən Ermənistana, sonra Türkiyəyə getməsi çox vacibdir.
Bunu Ermənistan Respublikasının marağı tələb edir. Və buna görə, əgər bu və ya digər ölkə ilə danışıqlar aparmaq lazımdırsa, biz bunu etməyə çalışmalıyıq” – deyə Papoyan vurğulayıb.
Jurnalistin əgər Rusiya dəmir yolunun işini tam təmin edə bilərsə, Ermənistan idarəetmə hüququnu Rusiya tərəfində saxlamağa hazırdırmı? – sualına Papoyan belə cavab verib:
“Bu, heç bir şəkildə heç bir ölkəyə qarşı yönəlmiş addım deyil. Bu, ermənipərəst yanaşmadır. Əgər bu ermənipərəstlikdə bizim marağımız təmin olunarsa – bizim üçün fərq etmir.
Amma bu gün görürük ki, təəssüf ki, vəziyyət elədir ki, bəzi tərəfdaşlarımız bir-biri ilə ortaq dil tapa bilmir. Bu şəraitdə biz də öz problemlərimizi bir şəkildə həll etməyə çalışmalıyıq”.







