Beynəlxalq

Daniel Bayer: “İttihamlar gülüncdür”

ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi, səfir Daniel Bayer “Amerikanın səsi” radiosuna və Turan agentliyinə  müsahibəsində Azərbaycan prezidenti İlham Əliyevin barəsində dediklərinə münasibət bildirib, Azərbaycanda insan hüquqları və Qərbin demokratik institutları ilə münasibətlərdən danışıb.

Sual: Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə sizi ATƏT-in Bakı ofisinin bağlanmasında əsas günahkar kimi xarakterizə edib. Prezidentin dediklərinə münasibətinizi bilmək istərdik?

Cavab: Prezident Əliyevin mənim haqqımda söylədikləri məni təəccübləndirdi. Bu iddialar əsassızdır. Çox təəssüf ki, ATƏT-in Bakı ofisinin fəaliyyətinin dayandırılması Azərbaycan hökümətinin tələbi idi. Bu isə həm hökümət, həm də Azərbaycan xalqı üçün bir itkidir. Bildiyiniz kimi, ATƏT-in Azərbaycanla konstruktiv işini ATƏT-in tərkibindəki qurumların və onun Vyanadakı Daimi Şurasında iştirakı formasında davam etdiririk. Bununla yanaşı inanırıq ki, ATƏT-in Azərbaycandakı missiyası Azərbaycan höküməti və xalqına, həmçinin regionun təhlükəsizliyinə müsbət töhfə verəcək.

Sual: Siz doğrudan cənab Aleksis Şahtaxtinskinin Fransa Xarici İşlər Nazirliyindən xaric edilməsi  üçün Fransa hökumətinə təzyiq göstərmisiniz?

Cavab: Fikrimcə, kiminsə belə bir fikir söyləməsi gülüncdür. Bu, doğru deyil. Fransa Xarici İşlər Nazirliyi Dan Bayer ilə məsləhətləşmədən öz şəxsi heyəti ilə bağlı qərarları özü verir.

Həqiqət odur ki, Amerika Birləşmiş Ştatları və bir sıra digər nümayəndə heyəti öz güclü dəstəyinin məğzini aydınlaşdırıb. Bu, ATƏT-in bir çox sahə üzrə qiymətləndirmə missiyaları və yalnız hökümət liderləri ilə deyil, həmçinin vətəndaş cəmiyyəti ilə əlaqə quran həmin missiya rəhbərlərinə böyük dəstəyimiz üçün də keçərlidir.

ATƏT-in missiya rəhbərlərinə gəldikdə isə həmin şəxslər ATƏT-ə hökümət tərəfindən təqdim olunur. Bu təyinat adətən birillikdir və ATƏT ilə həmin şəxsi təqdim edən hökümətin qarşılıqlı razılaşması əsasında bu müddət yenilənə bilər.

Belə başa düşürəm ki, cənab Şahtaxinskinin təyinat müddəti başa çatmışdır. Onun Parisə geri qayıtması ilə bağlı ətraflı məlumat almaq istəyirsinizsə Fransa höküməti və ya ATƏT-ə müraciət etməlisiniz.

Sual: Prezident Əliyev ATƏT-in Bakıda ofisinin bərpa olunması üçün cənab Şahtaxtinskinin diplomat karyerasının bərpa olunmasını istədiyini deyib. Fikrinizcə, ATƏT-in Bakı ofisinin fəaliyyətinin bərpası üçün tərəflər hansı addımları atmalıdır?

Cavab: Sualınızın ikinci hissəsini cavablandıra bilərəm. ATƏT-in Bakıdakı fəaliyyətinin bərpası üçün Azərbaycanın atacağı addım onun ATƏT ilə əməkdaşlığa hazır olmasını göstərməsi olardı. Əgər,Azərbaycan tərəfi Vyanaya gəlsə və ATƏT-in Bakıda fəaliyyətinin bərpasına hazır olduğunu söyləsəydi, Amerika Birləşmiş Ştatları bunu güclü bir şəkildə müdafiə edərdi. Daimi Şuranın Azərbaycanın xahişi ilə bağlı böyük dəstəyi olardı.

Cənab Şahtaxtinskiyə gəldikdə isə fikrimcə, bu məsələ yersizdir. Zənnimcə, prezident Əliyev buna məcbur olduğunu hiss etdiyi halda fransız həmkarı ilə müzakirə edə bilər.

Sual: Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Referenduma çıxarılan məsələləri Avropa Şurasının Venesiya Komissiyası “prezidentə görünməmiş səlahiyyətlər verərək hakimiyyətin qolları arasında balansı pozur”  kimi dəyərləndirib. Azərbaycanda referenduma çıxarılan məsələlər ATƏT prinsiplərinə nə qədər uyğundur?

Cavab: Venesiya Komissiyasının hesabatına baxmışam. Orada Venesiya Komissiyası tərəfindən hazırlanmış iki fərqli maddə vardı. Biri sizin qeyd etdiyiniz məsələ ilə bağlı maddə idi. Digəri isə proseslə bağlı maddə idi. Ümumiyyətlə, Konstitusiyaya dəyişikliklərin edilməsi ciddi bir məsələdir və qərəzli, münaqişəli formada ictimai maraq oyadır. Bu proses o qədər ləng irəliləyir ki, Konstitusiyaya dəyişikliklərin istər nəzərdə tutulmuş, istərsə də nəzərdə tutulmamış məqsədi ətrafında ictimai müzakirə və polemika yaradır.

Fikrimcə, istənilən ölkədə konstitusiyaya əlavə və düzəlişlər təklifi irəli sürüləndə müzakirələrin bir hissəsi bunun ATƏT-in öhdəliklərində öz əksini tapan prinsiplər də daxil olmaqla, bəşəri prinsiplərə uyğun olub- olmaması ilə bağlıdır. “Bu, insan hüquqları və əsas azadlıqlarını müdafiə etmək baxımından beynəlxalq hüququn təcəssüm etdirdiyi bəşəri prinsiplərə uyğundurmu?” Bir çoxları belə bir fikir irəli sürdülər ki, referendumun keçirildiyi forma konstitusiya dəyişikliklərinə legitimlik verən açıq müzakirələrin qarşısını aldı.

Sual: Azərbaycanda seçki demokratiyasının inkişafı üçün hansı addımlar atılmalıdır. Son parlament seçkilərindən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda seçki müşahidəsi də aparmır.

Cavab: Azərbaycan Amerika Birləşmiş Ştatları da daxil olmaqla, digər ölkələr kimi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu (DTİHB) seçkiləri müşahidə etməyə dəvət etməyi öhdəliyinə götürüb. ATƏT-in DTİHB “qızıl standart” və dünya səviyyəli metodologiyaya sahibdir. Təxminən 50 gündən sonra DTİHB seçkiləri müşahidə etmək üçün ABŞ-a səfər edəcək. Düşünürəm ki, gələcəkdə Azərbaycan höküməti DTİHB-nin metodologiyasına və müşahidəçilərinə uyğun olduğuna əmin olmaq üçün öncədən DTİHB ilə işləsə çox yaxşı olardı. İnkişafın əsas tərkib hissəsi beynəlxalq müşahidəçilərin hansı müsbət dəyişiklikləri görməsinə nəzər yetirmək və bu müsbət dəyişiklikləri artırmaq, həmçinin onların gördüyü çatışmazlıqları aradan qaldırmaq üçün DTİHB ilə birgə fəaliyyət göstərməyin yollarını tapmaqdır.

Beləliklə, Azərbaycan hökümətinin atacağı ən əhəmiyyətli addım gələcəkdə ATƏT-in seçki müşahidəçilərini qəbul etməkdir. Fikrimcə, həmin müşahidəçilərin ötən il seçkilərdə iştirak etməməsi təəssüfə layiqdir, çünki bu, Azərbaycan höküməti və xalqını gedişatın necə olması və gələcəkdə nələr etməli olduqlarını bilməkdən məhrum etdi.

 

Sual: İndi ölkədə insan hüquqlarının durumunu necə xarakterizə edərdiniz?

Cavab: ABŞ hökümətinin Azərbaycanda insan hüquqları ilə bağlı baxışını hərtərəfli qiymətləndirmək üçün ən son insan hüquqları hesabatına istinad edəcəm. Ümumiyyətlə, təəccüblü deyil ki, dəfələrlə Azərbaycanda fikir və söz azadlığı, birləşmək hüququ və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı narahatlığımızı ifadə etmişik. Həmin müstəqil səslərin məhdudlaşdırılması hal-hazırda qənaətbəxş görünə bilər, hətta bəzi hökümət nümayəndələri tənqidçinin susdurulmasını sabitlik üçün vacib hesab edə bilərlər. Ancaq bu, uzun müddət ərzində ölkənin sabitlik və təhlükəsizliyini sarsıdacaq. Odur ki, biz dostcasına Azərbaycanda müstəqil səslərin və vətəndaş cəmiyyətinin məhdudlaşdırlması ilə bağlı narahatlığımızı ifadə edirik.

Bir sıra vətəndaş cəmiyyəti fəalları və müstəqil səslərin Varşavadakı bu görüşdə iştirakından çox məmnunuq. Onu da söyləməliyəm ki, Azərbaycan hökümətinin də bu görüşdə iştirakından məmnunam, çünki irəli sürülən tənqidlərlə bağlı hökümətin öz perspektivini paylaşması əhəmiyyətli mübadilədir. Bu, vətəndaş cəmiyyəti fəallarının öz narahatlıqlarını, narazılıqlarını ifadə etməsi və tələblərini irəli sürməsi, hökümətin isə öz perspektivini təklif etməsi üçün çox zəruri dialoqdur. Düşünürəm ki, bu, iki həftə ərzində Varşavadakı görüşün dəyərinin bir hissəsidir.

 

Daha çox göstər
Back to top button