Azərbaycanın xarici dövlət borcu 9,6 milyard dollara qalxdı

Müəllif bu günlərdə qəbul edilən «Azərbaycanın orta- və uzunmüddətli dövlət borcunun idarə olunması Strategiyası» adlı sənədi müzakirə edir. Yazıda vurğulanır ki, 2019-2022-ci illər borcların əsas ödənməsi vaxtıdır.
Müəllif bildirib ki, bu il yanvarın 1-nə dövlət borcu 17007.4 milyon manat təşkil edib. Bunun 15978.1 milyon manatı xarici, 1 milyard manatı daxili borclardır: «Sənədə görə, ölkənin xarici borclarının sürətlə artmasının səbəbi Beynəlxalq Bankın borc problemləri, onun sağlamlaşdırılması tədbirləri və nə qədər qəribə olsa da, Cənub Qaz Dəhlizi layihəsidir».
Yazıda bildirilir ki, hazırda dövlət borcu hökumətin birbaşa kreditlərindən, dövlət orqanlarının istiqrazlarından və onların dövlət zəmanətiylə götürdükləri kreditlərdən ibarətdir. Yazıda vurğulanır ki, 2019-2022-ci illərdə dövlət borcunun azaldılmasından ötrü yeni borclar götürülməməlidir. Müəllif bunu şübhəli sayır.
Yazıda üstəlik, hökumətin bank sistemində hansısa pozitiv meyllərdən danışması da aşırı nikbinlik kimi dəyərləndirilib. Müəllif bütün bu təhlillərdən sonra isə hesab edir ki, yaxın 10 ildə dövlət borcu ilə bağlı ciddi problemlər gözlənir. Yazıda qeyd edilir ki, ölkənin inkişafı dünya bazarında sabit olmayan neft-qaz qiymətinə söykəndiyindən, gələcəkdə nə baş verəcəyini müəyyən etmək çox çətindir.