Təhlil

Azərbaycanda media hüququ – son 12 ayın tablosu

Azərbaycanda son 12 ayda media hüququnun vəziyyətiylə bağlı turan.az agentliyi təhlil təqdim edib.

Böhtan, təhqir, məhkəmə işləri, jurnalistlərə qarşı digər cinayət təqibləri

Böhtan və təhqirə görə məsuliyyət məsələsi öncə də qeyd etdiyimiz kimi hələ də Azərbaycanın cinayət qanunvericiliyi ilə düzənlənir. Hökumət son 12 ayda bu məsələ ilə bağlı mövqe ifadə etməyib. Daha əvvəllər cəmiyyətin böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğvinə hazır olmaması mövqeyi ifadə olunmuşdu.

Bu sahəyə aidiyyatı olan gəlişmələrdən bəhs edərkən Azərbaycan prezidentinin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı xatırlatmaq yerinə düşər. Həmin fərmanla Ədliyyə Nazirliyinə tapşırılmüşdı ki, cinayətlərin dekriminallaşdırılması ilə bağlı üç ay müddətində təklif hazırlayıb, təqdim etsin. Həmin 3 aylıq müddət başa çatıb, böhtan və təhqirə görə məsuliyyətin dekriminallaşdırılması məsəsləsi isə gündəmə gətirilməyib.

Son 12 ayda mediaya, jurnalistlərə qarşı böhtan, təhqirlə bağlı iddia və xüsusi ittiham qaydasında şikayətlərdə xüsusi artıq nəzərə çarpmayıb. Ötən ilin yayından bu yana jurnalsitlər 11 dəfə xüsusi ittiham qaydasında məhkəməyə verilib. Həmin şikayətlər əsasında azadlıqdan məhrum etmə cəzası verilməyib. Şikayətlərin əksəriyyəti baxılmamış saxlanılıb. Böhtan və təhqirə görə, ümumilikdə 29 dəfə məhkəmlərə şikayət edilib.

Cinayət cəzası alan jurnalistlər

Yerli məhkəmələr 3 jurnalistə – Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyliyə, criminal.az saytının baş redaktoru Anar Məmmədova, teref.info saytının redaktoru Nuraəddin İsmayılova cinayət cəzasıl veriblər. Hər 3 jurnalist 5 il 6 ay müddətinə çərti olaraq azadlıqdan məhrum ediliblər.

Cinayət cəzası alan jurnalistlər “hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etmə”də ittiham olunublar. Jurnalistlərə qarşı bu çağırışları öz saytlarına daxil etməklə vəzifə cinayətlərinə yol vermələri ittihamı da irəli sürülüb. Hər 3 jurnalistə qarşı irəli sürülmüş ittihamların yozumu budur ki, jurnalistlərin öz saytlarında yaydıqları bəzi məqalələr “hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsi”nə açıq çağırış məzmununda olub. Həmin məqalələri oxuyan bir neçə vətəndaş həyəcan keçirib və ya şoka düşüb və bundan prokurorluğa şikayətçi olublar.

Jurnalistlərin vəkillərinin bəyanatlarına görə, ittihamlar əsassız olub. Onların ittiham edildikləri yazıların əksəriyyəti başqa medialardan götrürülmüş yazılar olub. Yerli qanunvericilik belə yazıların yayılmasına görə məsuliyyətdən azad edir. Həm də mübahisəli yazılar ictimai müzakirələr kontekstində qələmə alınıb. Məhkəmələr 3 jurnalist barəsində hökm verərkən bu amillərin heç birini nəzərə almayıblar.

İnformasiya əldə etmək hüququ – məhkəmə işləri

Son 12 ayda jurnalistlər azı 13 dəfə informasiya əldə etmək hüququnun pozuntusu ilə bağlı məhkəməyə müraciət ediblər. Yerli məhkəmələr heç bir halda onların xeyinə qərar verməyiblər. Bu məhkəmə işlərinin yarıdan çoxunda iddiaçı Turan agentliyi olub. İnformasiya əldə edilməsi hüququnun pozuntusunu mübahisələndirən digər şəxslər müstəqil jurnalistlər olublar.

Məhkəmə mübahisəsinə səbəb olan informasioya sorğularında “İnformasiya əldə edilməsi haqqında” qanunla açıq elan edilən, saytlara daxil edilməli olan informasiyalar istənilib. Sorğuların göndərildiyi icra hakimiyyəti qurumları, açıq səhmdar cəmiyyətlər və məhkəmələr bu sorğularla istənilən informasiyaları təqdim etməkdən imtina ediblər. 13 məhkəmə araşdırması zamanı yalnız bir işdə cavabdeh istənilən informasiyanı sorğuçuya təqdim edib. Digər işlərdə isə məhkəmələr jurnalistlərin əlehinə qərar veriblər. Qərarların heç biri yerli qanunvericiliyə, özəlliklə “İnformasiya əldə edilməsi haqqında” qanuna uyğun olmayıb. Həmin işlər üzrə milli məhkəmə mübahisəsi davam edir.

Həbsdəki jurnalistlər

Bir il əvvəl Azərbaycanda həbsdə olan jurnalistlərin sayı 10-dan çox idi. Ötən 12 ayda onlardan 4-ü azadlığa buraxılıb. Onlardan videobloqqer Mehman Hüseynov böhtana görə həbs edilmişdi. Jurnalistlər Fikrət Fərəməzoğlu, Nicat Əliyev və Rəşad Ramazanov da azadlığa buraxılanlar arasındadır.

Hazırda həbsdə azı 7 jurnalist var. Onlara qarşı irəli sürlümüş və yerli məhkəmələrin təsdiqlədiyi ittihamların heç biri onların peşə faəliyyətinə aid deyil. Ancaq həm vəkilləri, həm də vətəndaş cəmiyyəti qurumları jurnalsitlərin təqsirli bilindiyi ittihamların qurama olduğunu, məhz peşə fəaliyyətlərinə görə, həbs edildiyini açıqlayıblar.

Hazırda Azadlıq qəzetinin şərhçisi Seymur Həzi, həmin qəzetin əməkdaşları Elçin İsmayıllı, Ziya Əsədli, araşdırmaçı jurnalist Əfqan Muxtarlı, dini mövzularda yazan jurnalist Araz Quliyev həbsdədir. S. Həzi 2014, E.İsmayıllı, Z.Əsədli, Ə.Muxtarlı 2017, A.Quliyev isə 2012-ci ildən həbsdədir.

Son aylarda Azərbaycanda daha 2 jurnalist həbs edilib. Həmin jurnalistlər xeberman.com saytının rəhbəri Polad Aslanov və realliq.info saytının rəhbəri İkram Rəhimovdur.

P.Aslanov iyunun 13-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. DTX-nın açıqlamasına görə, baş redaktor dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanıb. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Cinayət işinin materiallarına görə, jurnalist xarici ölkələrin sifarişi ilə Azərbaycanın dövlət orqanlarının fəaliyyətini gözdən salan məqalələr dərc edib yayıb. Jurnalist barəsində məhkəməyə qədər 4 aylıq həbs tədbiri seçilib. İttihamlar təsdiq edilsə journalistə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası verilə bilər. P.Aslanov vaxtaşırı DTX haqqında tənqidi məqalələr yazıb. Onun müdafiəçiləri həbsin bu yazılardan qaynaqlandığını açıqlayıblar.

Realliq.info saytının rəhbəri İkram Rəhimov isə Azərbaycan prezidentinin istimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov barəsində tənqidi yazıların, ona ünvanlanmış müraciətindən dərhal sonra həbs edilib. Həbs edilməsindən dərhal sonra jurnalsitin rəhbəri olduğu saytlar ölkə daxilində blok edilib. Onun müdafiəçiləri də jurnalistin həbsinin əsas səbəbinin tənqidi yazılar olduğunu bildirirlər.

Daha çox göstər
Back to top button